AZ

Şagird sayı az olan məktəblərlə bağlı təklif

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".   Manset.az xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bu problem bir neçə ildir gündəmdədir:

"Ucqar kəndlərdə şagird sayının azlığı, gənclərin paytaxta üz tutması səbəbilə məktəblər boşalıb. Bir şagirdi olan məktəblər var. Belə olduğu təqdirdə kompeks birləşməyə getmək lazımdır. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yerləri salınarkən bu məsələ diqqətə alınıb. Bir neçə yaşayış mərkəzini birləşdirən rayon mərkəzində bir məktəb tikilir. Mövcud məktəblərdə isə bu problem daşıma ilə həll oluna bilər. Türkiyədə bu problemin həlli üçün başqa həll yolu tətbiq olunurdu. İnternat tipli məktəblər var idi. Uzaqda yaşayan şagirdlər yataqxanası olan məktəblərdə təhsil alırdılar. Təmayüllü məktəblərdə bu metod mövcuddur, onların yataqxanaları var. Az sayda şagirdi olan məktəblər üçün də bu metod tətbiq oluna bilər. Bununla şagirdlərin gedib-gəlməyə, yola sərf etdikləri vaxt aradan qalxmış olar. Düzdür, burada şagirdin yataqxana xərcləri, qalmaq, yemək xərcləri ortaya çıxır. Sovet dövründə Azərbaycanın bir çox rayonlarında sadəcə orta təhsil var idi, yuxarı siniflərdə təhsil almaq istəyən uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirdilər. Bir məktəbdə bir şagirdin, bir neçə müəllimin olması düzgün deyil. Müəllim təyinatında bir problem yoxdur, burada əsas problem şagird sayındadır. Yeni məktəblər tikmək əvəzinə sökülüb yenidən qurula bilən məktəblər salına bilər. Regionlarda məşğulluq problemlərinin həll edilməsi, yeni iş yerlərinin açılması regionların cəlbediciliyini qaytara bilər".

Seçilən
0
4
manset.az

5Mənbələr