AZ

Bakı dünyaya təhlükəsiz gələcəyin “Yol xəritəsi”ni təqdim edir

Bu gün müasir müstəqillik tarixinin mühüm mərhələsini yaşayan, ərazi bütövlüyü və suverenliyini gerçəkləşdirən Azərbaycan hazırda mili iqtisadiyyatını daha da gücləndirmək üçün davamlı islahatları uğurla davam etdirir, neft və qeyri-neft sektorlarının dayanıqlı inkişafını uğurlu layihələrlə sürətləndirir.

Bütün bunlarla yanaşı, “yaşıl” enerji siyasətini yüksək səviyyədə reallaşdırmaqla qlobal iqlim dəyişikliyi ilə mübarizənin önündə gedir, dünya enerji xəritəsinə yeni yön, yeni töhfələr verir. Yeri gəlmişkən, COP29-un Bakıda keçirilməsi, bu nüfuzlu konfransa evsahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki layiqli yerinin, böyük nüfuzunun və güclü mövqeyinin olduqca yüksək göstəricisidir.

BMT-nin mühüm önəm daşıyan bu sessiyası çoxistiqamətli üstünlüklərinə görə xarakterizə oluna bilər. Belə ki, konfrans, ilk növbədə, ölkəmizin humanizm dəyərləri çərçivəsində etibarlı dostluq və tərəfdaşlıq sahəsindəki keyfiyyətlərini, işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasına və həyata keçirilən layihələrə tam dəstəyi ifadə edir. Konfransda Azərbaycanın “yaşıl” enerji siyasəti təqdir edilir, ölkəmizə yeni tərəfdaşlar və dostlar qazandırır. Bu isə şübhəsiz ki, milli iqtisadi quruculuq proseslərinin daha dinamik əsaslarla davamlılığını şərtləndirir.

COP29 başlayandan indiyədək Azərbaycanın irəli sürdüyü bir sıra taleyüklü təşəbbüslər diqqət çəkib. Burada belə bir faktı xatırlatmaq istərdim: İqlim konfransının baş danışıqçısı Yalçın Rəfiyev sessiyaların birində Azərbaycanın təşəbbüslərindən biri olan İqlim Maliyyəsi Fondunun yaradılmasında və yeni maliyyə mexanizminin qurulmasında əsas məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək olduğunu vurğulayıb. O, bunun üçün qrant əsaslı 1 milyard dollar vəsait toplanılmasının zəruriliyini xatırladıb.

Baş danışıqçı Y.Rəfiyev bildirib ki, İqlim Maliyyəsi Fondu Azərbaycan fondu olmayacaq, çoxtərəfli bir maliyyə qurumu kimi fəaliyyət göstərəcək. Fondun işində tərəfdar dövlətlər də iştirak edəcək və rəhbərlər bu sahəyə töhfə verən ölkələrdən seçiləcək. Çoxtərəfli maliyyə təşkilatları onun fəaliyyətinə nəzarət edəcək. Bakı sadəcə bu fondun katibliyinə ev sahibliyi edəcək.

Onun sözlərinə görə, indiyədək kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət etsələr də bu, nəticəsiz qalır. Ona görə də Azərbaycan alternativ maliyyə qurumunun yaradılması təşəbbüsünü irəli sürdü və bu, müsbət dəyərləndirildi.

Qeyd edim ki, ayrılacaq vəsaitin 50 faizi iqlim fəaliyyətinə və “yaşıl” enerji texnologiyalarına yönəldiləcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə “2R2F” adlandırılan maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə istiqamətləndiriləcək. İqlim Maliyyəsi Fondu kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək.

Onu da deyim ki, sözügedən təşəbbüsün gerçəkləşməsi üçün geçikmədən hərəkətə keçilməlidir. Çünki iqlim üzrə maliyyənin hazırkı miqyası kifayət qədər deyil. 1,5 ºC-yə gedən yol isə Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. Azərbaycan COP29-u hər kəsin səsinin eşidildiyini hiss edəcəyi əhatəli mühit olmasını təmin etməyəkdə qərarlıdır.

Prezident İlham Əliyev bu il iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidini qəbul edərkən də bu barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizin “yaşıl” keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışaraq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

Buradan göründüyü kimi, iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyə mühüm rol oynayır. 29-cu iqlim konfransında aparılan müzakirələrdən də aydın görünür ki, bu problemin həllində irəliləyiş var. Qlobal maliyyə institutlarının bununla bağlı çağırışlarından da bu, qabarıq nəzərə çarpır. Ümumiyyətlə, beynəlxalq maliyyə institutları insanların yaşamaları üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətləri ilə bağlı artıq müsbət mesajlar verirlər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliyyətlərlə gücləndirirlər. İqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlar genişmiqyaslı tədbirlər görürlər.

Hazırda Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur, danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır.

Respublikamızda reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə “yaşıl enerji” növləri uğurla gerçəkləşdirilir və “yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlanılır.

Təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində də davamlı layihələr gerçəkləşdirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.

Cavadxan QASIMOV,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Seçilən
50
42
xalqqazeti.az

10Mənbələr