"ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pelloni (Frank Pallone) və senator Ed Markiyə (Edward J. Markey) cavab verib.
Bu barədə Hikmət Hacıyev "X” səhifəsində yazıb.
O bildirib ki, konqresmen Frenk Pelloni və senator Edvard Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.
Hikmət Hacıyev senatorla görüşdüyünü də qeyd edib: "Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı hərbi cinayətkarların cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər”.
Hacıyev qeyd edib ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər. O bunu senatorun da diqqətinə çatdırdığını deyib: "Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar”.
İlham Əliyevin köməkçisi Frenk Pellonini də tənqid edib.
"Pelloniyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də, bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pelloni ilə görüşmədi. Pelloni belə bir audiensiyaya layiq deyil”, – deyə o qeyd edib.
Hikmət Hacıyev özü də görüşdə iştirak etdiyini deyib: "Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pelloninin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pelloni yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pelloninin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur”.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Bakıda keçirilən 29-cu konfransına (COP29) qatılan ABŞ konqresmeni Frenk Pellonini (Frank Pallone) Azərbaycan Prezidenti İlham Əliyev qəbul etməyib.
Noyabrın 16-da Prezident İlham Əliyev bir qrup amerikalı konqresmeni qəbul etsə də, Pelloninin adı siyahıdan çıxarılıb.
Hökumət mediası bunu Pelloninin ermənipərəst mövqeyi ilə əlaqələndirib.
Pelloni ilə yanaşı, senator Edvard Marki (Edward J. Markey) də Bakıda tənqidlə üzləşib.
Bundan sonra Pelloni və Marki Azərbaycan tərk edərək ABŞ-yə qayıdıblar.
ABŞ-yə qayıdan konqresmen və senator birgə mətbuat konfransı keçiriblər.
Pelloni açıqlamasında bildirib ki, Azərbaycan hökumətinin sponsorluğu ilə keçirilən etiraz aksiyalarına qatılanlar həm COP29 keçirilən məkanda, həm də qaldığı oteldə ona hücum ediblər.
O, Dövlət Departamentinin səyləri və mühafizəçilərin köməyi ilə fiziki xəsarətdən xilas olduğunu bildirib.
Konqresmen açıqlamasında qeyd edib ki, Azərbaycan hakimiyyətinin ona hücumu təsadüfi deyil, çünki o, daim bölgədə sülhə çağırış edib, Azərbaycanın hərbi təxribatlarını və Dağlıq Qarabağdakı etnik təmizləməni pisləyib.
O, Azərbaycan hakimiyyətini tənqid edərək bildirib ki, İlham Əliyev hətta bağlı qapılar arxasında erməni xalqının hüquqları ilə bağlı çağırışları eşitmək istəmir:
"ABŞ Konqresinin üzvlərini qəzəblə susdurmağa çalışan Prezident Əliyev hətta bağlı qapılar arxasında belə, erməni xalqının haqları və ədalətlə bağlı çağırışları dinləməyə, müzakirələr aparmağa hazır deyil”.
Pelloni "X” hesabında yazıb ki, Əliyev Bakıda onun qarşısını almağa çalışsa da, mübarizəsindən çəkilməyəcək.
Konqresmen açıqlamasında Azərbaycan hakimiyyətini "zalım rejim” adlandırıb.