AZ

Uşaqlar arasında təhlükəli virus yayılıb

Qızılcaya bənzəyir...

Son günlər uşaqlar arasında təhlükəli virus yayılıb. Əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayiət olunduğundan valideynlər arasında çaşqınlıq yaradır. Həkimlər azyaşlılar arasında yayılan virusu qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

Virusun əlamətləri qızılca ilə oxşar olduğundan düzgün müalicənin aparılması vacibdir. Əks təqdirdə mütəxəssislər xəstəliyin ağır fəsadlara səbəb ola biləcəyini istisna etmirlər.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan pediatr Günay Rəsulovanın sözlərinə görə, son günlər uşaqlarda müşahidə olunan bu simptomlar koksaki virusunun əlamətləri ola bilər:

“Koksaki virusunun əsas əlamətlərindən biri ağız bölgəsində, ağız içində, əllərdə, dirsəklərdə səpkilərlə müşahidə olunur. İlk baxışda qızılcaya bənzəyən bir virusdur. Qızılcada olduğu kimi koksaki virusunda da qızdırma yüksək olur, xəstəlik dərmana tabe olmur. Ağrılı virus olduğuna görə, əsasən ağız içi, boğaz nayihələrində ağrı olduğu üçün uşaqlarda yeməkdən, sudan imtinaetmə halları baş verə bilir. Bu yoluxucu virusa uşaqlar hava-damcı yolu ilə, yaxud da çirkli məhsullar vasitəsi ilə yoluxurlar. Səpkilər iki-üç gün, bəzən də on gün davam edə bilər”.

Ən böyük yanlışlardan biri

Pediatr qeyd edib ki, əgər bu dövrdə ikinci virusa yoluxma olarsa, vəziyyət daha da ağırlaşır: “Ən böyük yanlışlardan biri bu xəstəlik zamanı qızdırma yüksək olduğuna görə uşağa antibiotik dərmanların verilməsidir. Xəstəlik zamanı digər virus infeksiyalarında olduğu kimi antibiotik verilməsi ilə uşağın immuniteti aşağı salınarsa, virusun daha çox şiddətlənməsinə səbəb ola bilər.

Odur ki, bu virusla bərabər uşaqda pnevmoniya, ensefalit kimi ağırlaşmalar görülə bilər. Yoluxma zamanı xüsusi qida rasionuna əməl etməyə ehtiyac yoxdur. Sadəcə bol maye qəbul edilməsinə diqqət yetirilməlidir”.

Düzgün müalicə edilməzsə...

Həkimin sözlərinə görə, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər: “Virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar”.

Yeganə BAYRAMOVA

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr