“Lazım gələrsə və cavab olaraq Ukrayna ərazisindəki hədəfləri “Oreşnik” raket sistemlərilə məhv edəcəyik. Oradakı dost ölkələrin vətəndaşlarından da təhlükəli zonaları tərk etmələrini xahiş edəcəyik”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya bunu qorxmadan edəcək:
“Niyə qorxmadan? Çünki hazırda belə bir silaha qarşı heç bir vasitə yoxdur. Raketlər saniyədə 2,5-3 kilometr sürətlə hədəfləri vurur. Dünyadakı müasir hava hücumundan müdafiə sistemləri və amerikalıların Avropada yaratdığı HHM sistemləri belə raketləri tutmur.
Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq təhlükəsizlik sistemini Rusiya yox, ABŞ məhv edib, mübarizəni davam etdirərək, öz hegemonluğundan yapışaraq bütün dünyanı qlobal münaqişəyə doğru sövq edir.
Biz bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə hazırıq. Amma biz hadisələrin istənilən inkişafına da hazırıq. Kimsə hələ də şübhə edirsə, yanılır, hər zaman cavabımız olacaq”.
Qərb mətbuatının məlumatına görə, Rusiya dünən ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.
Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip raketi konvensional başlıqla tətbiq etməklə Putin nüvə zərbəsi endirə biləcəyi barədə Qərbə xəbərdarlıq siqnalı göndərib.
Bir gün əvvəl isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" uzaqmənzilli raketləri ilə vurmuşdu.