AZ

Pul əl çirkidir – məcazi yox, həqiqi mənada

Nağdsız ödəniş yollarından istifadə ən optimal variantdır

Həyatımızın mənası, problemlərimizin açarı hesab etdiyimiz pullar bizə xoşbəxtlik gətirmir, əksinə, sağlamlığımızı qurban verərək min bir zəhmətlə qazandığımız pullardan eyni zamanda xəstəliklər də qazanırıq. Həm kağız, həm də dəmir pullar əldən-ələ gəzərək üzərində yüzlərlə mikrob yaşadır, üstəlik, bu mokrobları hamıya ötürür. Pul vasitəsi ilə insandan insana keçən xəstəliklərin ilk sırasında tif, hepatit A, dizenteriya, miningit, dəri-zöhrəvi, ishal, qrip, parazit xəstəlikləri və vərəm yer alır.

Pul demə, mikrob yuvası de

Pulun üstündəki miktoblar əldən ələ keçmək üçün çox münasib yer seçiblər. Pulu cibinizdə, çantanıza ataraq gəzdirməyin, pulqabında qapalı saxlayın, hər dəfə puldan istifadə etdikdən sonra əllərini yuyun. Pulu qətiyyən qidalarla eyni torbaya qoymayın.

Pulda mikrobun ötürülməsi ən çox qəssabxanalarda baş verir. Çünki ətə, bıçağa, ət kötüyünə vurduğu əli ilə sizin ödənişinizin qalığını verir. Beləcə çiy ətdən əlinə yoluxan milrobları pula, puldakıları isə ətə ötürür, beləliklə siz o ətə əlinizi vurduqda, pulunuzun qalığını aldıqda o mikroblar sizə də keçmiş olur. Üstəlik, bu mikrobların ən sadəsi, ən təhlükəsizi belə ciddi bağırsaq infeksiyalarına səbəb olaraq 90 faiz həyati risk daşıyır.

Eyni zamanda, mağazalarda ərzaqları əli ilə verən satıcı həm də kassa aparatı arxasında olarsa, bu zaman da mikrobların yayılması ehtimalı çox olur. Çünki puldan əlinə keçən mikroblar əl vurduğu və sizin aldığınız qidalara keçir.

Ödənişi nağd olan ictimai nəqliyyat vasitələri də təhlükəlidir

İllərdir Bakıda ictimai nəqliyyatların kartla ödəmə sisteminə keçilməsi prosesi davam edir. Böyük əksəriyyəti nağdsız ödəmə ilə olan ictimai nəqliyyat vasitələrində əvvəllər ciddi təhlükə vardı. Çünki sürücü gün ərzində minlərlə insandan pul alıb qaytarır. Əl gigiyenasının normal səviyyədə olmaması pullardakı mikrobların daha da çox yayımasına səbəb olur, natəmiz əllərlə daşınan hər cür bakteriya pullar vasitəsi ilə bir insandan başqa insana yoluxur. Avtobus sürücüsü, taksi şoferi bu riskə daha yaxındır. Araşdırmalara görə kağız və metal pulların 81.7%-i xəstəlik törədən bakteriya daşıyır. Bu bakteriyalar meningit, vərəm, dəri-zöhrəvi, hepatit A, dizenteriya, müxtəlif ishallar, qrip və sətəlcəm kimi ciddi xəstəliklərlə yanaşı dəri yaralarına, sidik yolları infeksiyalarına səbəb ola bilər.

Qeyd edək ki, pul işi ilə məşğul olan bank işçiləri, kassa nəzarətçiləri, kafe və restoranlardakı ofisiantlar, bazar satıcıları risk altındadır, hər gün minlələ manat pulu alıb verərək onlar mikroblarla birbaşa təmasda olurlar. Əksəriyyəti əlcəksiz fəaliyyət göstərir, əllərini dezinfeksiya məhlulları ilə yumur.

Görün nələrə səbəb olurmuş...

Kanadada aparılan tədqiqatlara əsasən yalnız 7% pulda insan sağlamlığına zərər vurmayan bakteriya tapılıb. Yerdə qalan bütün kağız və dəmir pullar infeksiya mənbəyidir. Pulda olan bakteriyalar ən çox mədə-bağırsaq sistemində və dəridə yayılır, çünki pula toxunub əlimizi ya üzümüzə, ya bədənimizin başqa yerinə, yaxud da qidaya toxundururuq.

Pul vasitəsi ilə ən çox yayılan virus Norvalk virusudur. Ən çox yayılan bakteriyalar isə Stafilokok aeurus pnevmoniyadır, o endokardit, meningit kimi ağır xəstəliklərə səbəb olur. Sonra Psevdomonas bakteriyasdır ki, o da sidik yollarının infeksiyası, sepsis ve faringit kimi xəstəliklər yaradır, Enterobakter bakteriyası isə mədə-bağırsaq pozğunluğu yaradır.

Bank kartları və mobil ödəmə tətbiqləri çıxış yoludur

Artıq ölkəmizdə də çox istifadə edilən nağdsız ödəniş sistemi qərb ölkələrində illərdir tətbiq edilir. Buna görə də pulda olan bakteriyalar çox yayılmır. Doğrudur, bank kartlarında da infeksiya var, lakin onları təmiz saxlamaq mümkündür. Yalnız özümüzdə olduğu üçün tez-tez dezinfeksiya edə bilərik. Araşdırmalar həm də təsdiqləyir ki, pullar üzərində nəcisdə olan bakteriyalar da təsbit edilib. Xüsusilə kağız pullar, istifadəsində lazımlı diqqət göstərilmədiyi üçün tədavülə çıxdıqdan təxminən 6 ay sonra köhnəlir və bu köhnəlmə pulun çirklənməsini də asanlaşdırır.

Pulu yumaq lazımdır – amma evdə yox

Məlumat üçün qeyd edək ki, dünyanın inkişaf etmiş bir çox ölkəsinin təcrübəsinə görə dövriyyədə olan pullar hər 6 aydan bir həmin ölkənin mərkəzi bankında xüsusi texnologiya ilə yuyulub təmizlənir, yenidən tədavülə buraxılır. Çünki təzə pul dövriyyədə olandan 6 ay sonra tamamilə mikrob yuvasına çevrilir.

Ümumiyyətlə, pulun fəsadından uzaq durmaq üçün əvvəlcə nəğd hesablaşmadan uzaqlaşmaq lazımdır. Əgər maksimum nağd hesablaşmadan uzaqlaşırıqsa və kart sistemindən istifadə etsək, bu sağlamlığımız üçün böyük addım deməkdir. Yeri gəlmişkən deyim ki, ölkəmizdəki bankomatlar çox sadə və azfunksiyalıdır.

Necə qorunmalı?

Pulların yaratdığı və yaydığı xəstəliklərin qarşısını almaq üçün pul istifadəsinin hər mərhələsində diqqətli olmaq lazımdır. Bankomatlardan çıxarılan pulun dərhal pulqabına yerləşdirilməsi bu tədbirlərin ən birincisidir. İkinci tədbir, mağaza və nəqliyyat vasitələrində pulun qalığını alandan sonra əllərin yuyulmasıdır. Ekspertlər məsləhət görür ki, pul sayarkən adət edilən əl tüpürcəklənməsi məsələsini birdəfəlik unutmaq lazımdır. Yəni pulların yaratdığı problemlərin önünə keçə bilmək üçün pul sayarkən barmaqlar ağıza aparılaraq isladılmamalıdır. Uşaqların pulları ağızlarına aparması, dəmir pulla oynaması qadağan edilməlidir. Pulların yemək və içkilərlə təmasına maneə törədilməlidir. Pul ilə təmas edən əllər mikrob əleyhinə sabunla yuyularaq təmizlənməlidir. Pul cibdə deyil, daimi pulqabı içərisində saxlanmalıdır.

Xatırladaq ki, İsveçrədə bir bankın tələbi ilə dövlət səviyyəsində aparılan araşdırmada qrip virusunun, pullar üzərində 2 həftədən çox qala biləcəyi ortaya çıxdı. Alimlər müxtəlif qrip virus növlərini tədqiq edərkən həm dəmir, həm də kağız pulları laborotor müayinələrdən keçirdilər. Məlum olub ki, kağız pulların üzərində sağlamlıq üçün təhlükəli olan qrip virusları 2 həftə yaşayır. Bu 2 həftə ərzində ən azı 2 min dəfə əl dəyişdirən pulların xəstə etdiyi canları siz hesablayın...

Lalə Mehralı

Seçilən
5
sesqazeti.az

1Mənbələr