AZ

“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA

Elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasımda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

“Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir”, – deyə nazir qeyd edib.

Nazirin bu açıqlaması elmi adların əhəmiyyəti məsələsini yenidən gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bizim.media-ya açıqlamasında nazirin fikirləriylə razılaşmadığını bildirib:

“Mən bu fikirlərlə tam razı deyiləm. Təklif etdim ki, alimlərə ayrılan vəsait artırılsın. Emin Əmrullayev isə buna ehtiyacın olmadığını bildirdi. Bu məsələyə bir az fərqli baxıram.

Düşünürəm ki, əgər bir insan, ömrünü təhsilə həsr edibsə, elmlə məşğul olubsa, onun əməyinin ömrünün sonuna kimi qiymətləndirilməsinə ehtiyac var. Bəzi sistemləri dəyişmək istəyirlər, amma bu məsələni də qoruyub, saxlamalıyıq.  Əgər bir alim təqaüdə çıxıbsa, elmi fəaliyyətini davam etdirirsə, onun əməyini mütləq nəzərə almalıyıq. Amma nazir belə yanaşma sərgilədi. Əlbəttə, alimin elmi fəaliyyəti, gördüyü işlər bəzi hallarda qiymətləndirilə bilər”.

Nazirin “pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək” fikrinə gəlincə, deputat bildirib ki, dünyanın hər yerində müəyyən mexanizmlərin mövcud olduğunu xatırladıb:

“2017-ci ildən bu günə kimi alimlərin maaşında artım yoxdur. Söhbət elmi dərəcələrə verilən 70 və 100 manatdan gedir. Burada heç bir artım yoxdur. Ya biz köhnə sistemdə qalıb bu vəsaiti artırmalıyıq, yeni sistemə keçiriksə, bu sürətli formada keçməlidir ki, həmin insanların əməyi vaxtında qiymətləndirilsin.

Bəs alim illər əvvəl elmi  ad alıb, indi heç bir fəaliyyətlə məşğul olmursa, necə?

Ceyhun Məmmədov cavab olaraq deyib ki, alimliyin elmi fəaliyyətə görə qiymətləndirilməsi ola bilər:

“Hər halda bu gün elmi nailiyyəti olan, olmayan da eyni maaşı alır. Məsələn, təqaüd məsələsində elmi dərəcə nəzərə alınır. Amma eyni zamanda, alim ömrünü bu sahəyə həsr edibsə, onun əməyini qiymətləndirməliyik. Bu məsələyə yeni sistemə keçdikdən sonra baxa bilərik, axı yeni sistemə də keçilməyib, məsələnin mahiyyəti də budur ki, hələ də köhnə sistemdəyik. Yeni sistemlər varsa, tez  zamanda düşünülüb həllini tapmalıdır ki, insanlarda olan narazılıq aradan çıxsın”.

Seçilən
11
2
konkret.az

3Mənbələr