AZ

Kərim Xan üzv ölkələri həbs qərarlarını icra etməyə çağırıb

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan üzv ölkələri Məhkəmənin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı çıxardığı həbs qərarlarını icra etməyə çağırıb.

K.Xan Netanyahu və Qalanta qarşı çıxarılan həbs qərarları ilə bağlı açıqlama verib.

Kərim Xan mayın 20-də təqdim edilən ərizələrin müstəqil istintaq və məhkəmə prosesindən keçən obyektiv, təsdiq edilə bilən dəlillərə əsaslandığını bildirib və BCM üzvü olan ölkələri həbs qərarına əməl etməyə çağırıb.

"Bütün iştirakçı dövlətləri Roma Nizamnaməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə və məhkəmə qərarlarına əməl etməyə çağırıram. Biz məhkəmənin yurisdiksiyasına aid olan bütün işlərdə olduğu kimi, bu işdə də onların əməkdaşlığına ümid edirik", - Baş prokuror Xan dərc olunmuş bəyanatında bildirib. 

K.Xan hesabatlılığı təmin etmək və beynəlxalq hüququ dəstəkləmək üçün BCM-nin üzvü olmayan dövlətlərlə əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Kərim Xan Roma Nizamnaməsinin 54-cü maddəsinə uyğun olaraq lehinə və əleyhinə olan vəziyyətləri və dəlilləri qiymətləndirmək üçün İsrail və Fələstin də daxil olmaqla bütün tərəflərlə əməkdaşlıq etməyə davam edəcəklərini vurğulayıb.

Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti araşdırmağa davam etdiklərini bildirən K.Xan "Şiddətin artması, humanitar yardım imkanlarının daralması və beynəlxalq cinayət iddialarının artması məni çox narahat edir" deyib.

K.Xan qeyd edib ki, Netanyahu və Qalant insanlığa qarşı cinayətlər, o cümlədən qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər, eləcə də aclıqdan müharibə üsulu kimi istifadə etmək cinayətinə görə məsuliyyət daşıyırlar.



Seçilən
3
trt.net.tr

1Mənbələr