"Babəkər" sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd zonasında şərti sərhəd pozucularını yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, mediatur iştirakçıları səfər çərçivəsində Qazax rayonu ərazisində yerləşən, "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar.
Jurnalistlər burada da yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər.
Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.
Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavasının xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd istiqamətinə düşür.