SSRİ ilə ABŞ arasındakı gərginlik, xüsusilə 1950-cı illərin sonu və 1980-ci illərin əvvəllərində yalnız kağız üzərində olmayıb, maraqlar hər iki dövlətin sərhədlərindən çox-çox uzaqlarda – dünyanın hər yerində toqquşub. Bəzən sərhəddə də ciddi toqquşmalar qeydə alınıb. Belə hadisələr zamanı NATO bloku ən azı 27 təyyarə və 130-dan çox hərbçisini itirib, SSRİ-nin itkisi isə 10 hərbi təyyarə olub.
Görünməz, lakin qızğın atışmalar
1950-ci ildən 1983-cü ilə qədər SSRİ və NATO hərbi hava qüvvələrinin təyyarələrinin bir-birinə qarşı silah tətbiq etməsi ilə bağlı ən azı 40 hadisə qeydə alınıb. Çox vaxt bunlar tərəflərin real hava döyüşləri olub. SSRİ-nin hərbi imkanları haqqında mümkün qədər çox kəşfiyyat məlumatı toplamağa çalışan ABŞ hakimiyyəti bəzən dövlət sərhədinə, xüsusən də hava məkanına diqqət yetirmirdi.
1954-cü il noyabrın 7-də ABŞ-nin “42-94000” nömrəli “RB-29A” təyyarəsi Yaponiyadakı Yokota aviabazasından havaya qalxıb. Konstruktor Asen Yordanov tərəfindən yaradılan və fotokəşfiyyat üçün yenidən təchiz edilən “B-29 Superfortress” ağır bombardmançı təyyarəsi 91-ci strateji kəşfiyyat eskadrilyasının balansında olub.
1954-cü ilin avqust ayından etibarən “42-94000” ABŞ Milli Təhlükəsizlik Agentliyi üçün missiyaları yerinə yetirən 6007-ci konsolidasiya edilmiş hava qrupunun tərkibinə daxil edilib. Amerikalılar Sovet İttifaqı ilə Yaponiya arasında mübahisəli Kuril adaları bölgəsinə xüsusi maraq göstəriblər. ABŞ-yə görə, bu zona Yaponiyanın ərazisi olduğu üçün burada Sovet hərbi hava qüvvələrinin kiməsə hücum etmək hüququ yoxdur. Sovet komandanlığı isə, təbii ki, əks fikirdə olub.
Tanfilyev adasında görüş
ABŞ hərbi hava qüvvələrinin komandanlığının hesabatında bildirilib ki, “42-94000” nömrəli təyyarə Yaponiyanın ən şimalındakı adaların tam şəkillərini əldə etmək üçün Hokkaydonun üzərindən üç dəfə keçməli olub. “RB-29A” birbaşa Tanfilyev adasına daxil olaraq amerikalıların bilməməli olduqları şeylərin fotoşəkillərini çəkib. Kapitan Kostin və baş leytenant Serebryakovun idarə etdiyi iki “MiQ-15” təyyarəsi “qonağı” qarşılamaq üçün havaya qalxıb.
“RB-29A”nın komandiri Entoni Feyt ekipaj üzvlərinə “Mən onların atəş açacağını düşünmürəm!” deyib. Ancaq sovet təyyarəsini idarə edənlər amerikalı kapitanın fikrinin səhv olduğunu sübut ediblər. Çünki aydın əmr olub - əgər amerikalılar ərazimizə daxil olubsa, onları amansızlıqla cəzalandırın.
Birinci xəbərdarlığa məhəl qoymayan Amerika təyyarəsi kursunu dəyişməyib. İkinci dəfə “MiQ-15”dən atəş səsləri eşidilib. Nəticədə “B-29 Superfortress”in yanacaq çəni deşilib və göyərtəsində yanğın başlayıb. Bu dəfə Feyt Hokkaydo adasına tərəf dönür, lakin təyyarəni aerodroma çatdırmaq mümkün olmayıb. On ekipaj üzvü paraşütlə tullanıb. Doqquz nəfər yaponlar tərəfindən sağ-salamat xilas edilsə də, biri suda boğularaq ölüb.
Qisasdan qaçan Eyzenhauer
Hadisədən sonra Moskva və Vaşinqton tərəfindən qəzəbli notalar verilib. Bəziləri dərhal qisas alınmasını tələb ediblər. Respublikaçı senator Uilyam Noulend ABŞ prezidenti Duayt Eyzenhauerlə görüşündə “Amerikalılar SSRİ ilə diplomatik münasibətlərin kəsilməsini tələb edirlər!” deyib.
Avropadakı müttəfiq qüvvələrin keçmiş komandanı və SSRİ-nin “Qələbə” ordeninin sahibi Eyzenhauer dərindən ah çəkərək siyasətçiyə cavab verib: “Beynəlxalq münasibətlərdə geniş ictimaiyyətə sözlə izah edilə bilməyən hadisələr baş verir. Biz bəzən aqressiv davranırıq, amma siz bu barədə heç nə bilmirsiniz. Mən elə şeylər bilirəm ki, həyat yoldaşıma deməyə belə imkanım yoxdur. Kəşfiyyatımız çox aktiv və riskli işlər görür. Beləliklə, hər şey ola bilər. Əgər ABŞ SSRİ ilə münasibətləri pozarsa, onda növbəti məntiqi addım müharibə olmalıdır. Hücuma hazırsınız? Mənə gəlincə, şəxsən mən hücuma hazır deyiləm”.
Beləliklə, Eyzenhauer vəziyyəti gərginləşdirmir, lakin kəşfiyyat əməliyyatlarından da əl çəkmir.
Amerikalı pilotlar Azərbaycanda sorğu-sual edilib
Bütövlükdə 50-ci illərdə SSRİ sərhədlərinin NATO ölkələrinin təyyarələri tərəfindən pozulmasının 25 epizodu məlumdur. Ən çox insident Uzaq Şərqdə baş verib. 1959-cu il mayında ABŞ-nin “P-51 Mustang” qırıcısı Çukotka üzərində, dekabr ayında ABŞ-nin “P2V Neptun” təyyarəsi Vladivostok yaxınlığında, 1951-ci ilin noyabrında Böyük Pyotr körfəzi üzərində daha bir “Neptun” təyyarəsi, 1952-ci ilin iyun ayında “RB-29 Superfortress” kəşfiyyat təyyarəsi Yapon dənizi üzərində və 1952-ci ilin oktyabrında eyni təyyarə Kuril adaları üzərində vurulub.
1958-ci ildə “C-118 Duqlas” təyyarəsi ilə bağlı səs-küylü hadisə baş verib. Ermənistanın hava məkanında peyda olan ABŞ qırıcısı sovet təyyarələrini müşahidə edən kimi Türkiyəyə uçmağa çalışıb. Lakin atəşə tutulduqdan sonra təyyarə alovlanıb.
Ekipajın bir hissəsi paraşütlərlə tullanıb. Pilot yanğına baxmayaraq, təyyarəni Azərbaycanın Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki hərbi aerodroma endirə bilib. Hərbi aerodromda şəxsiyyətləri müəyyən olunan və dindirlən bütün ekipaj üzvləri sonradan ABŞ-a təhvil verilib.
O zaman bunun kəşfiyyat təyyarəsi olduğuna dair dəlil tapmaq mümkün olmayıb. Lakin 40 il sonra hadisənin amerikalı iştirakçılarından biri deyib ki, təyyarə Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus olub və onun göyərtəsindəki çox məxfi materiallar yanan təyyarə eniş edərkən məhv edilib.
Havadakı soyuq müharibə 1983-cü ilin sentyabrında Saxalin üzərində Cənubi Koreyanın “Boeing 747-230B” sərnişin təyyarəsinin vurulması ilə yekunlaşıb. Təyyarədə olan 269 nəfərin hamısı həlak olub.
İlkin Nəcəf