AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
"Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq".
Reyting.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.
65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb:
“Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb”.
AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb:
"İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.