AZ

Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir

Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə, Azərbaycanın turizm potensialını tanıtmaq məqsədilə Özbəkistanın Daşkənd şəhərində keçirilən və “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunmuş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) iştirak edir.

Ölkəmizi milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə ümumilikdə 9 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək kurortları, şərabçılıq ənənələri, sağlamlıq və geniş qış turizmi imkanları barədə ətraflı məlumat verilir, eləcə də xarici turizm təmsilçiləri ilə B2B formatında işgüzar görüşlər təşkil olunur.

Sərgi çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı keçirilən tədbirdə üzvlərə və tədbir iştirakçılarına Mərkəzin nümayəndələri tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib.

Tədbirdə növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

Daşkənd Beynəlxalq Turizm Sərgisi (TIFF) Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur. Noyabrın 23-dək davam edəcək sərgidə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.

2024-cü ilin yanvar-oktyabr dövrü ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 536 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% artımdır.

Seçilən
23
9
moderator.az

10Mənbələr