AZ

Hamilə və körpə uşağı olan qadınlara iş yerində hansı güzəştlər edilir?

Rusiyada uşaqlı qadınlara dəstək üçün yeni tədbirlər planı hazırlanır.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması onlara uzaqdan işləməyə icazə vermək ideyasını nəzərdən keçirir.

Bu təşəbbüs Hesablama Palatasının Rusiyada qadınlara dövlət dəstəyi tədbirlərinin effektivliyinə dair hesabatı əsasında hazırlanıb və həmin hesabatda auditorlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişiklikləri tövsiyə ediblər.

Həmçinin, işəgötürənlərə ailə məsuliyyəti daşıyan işçiləri uzaqdan və ya çevik işə keçirməyə məcbur etmək təklif edilib.

Eyni zamanda, Rusiya Əmək Nazirliyi yalnız işəgötürənləri hamilə qadınlar üçün işin təşkili probleminə anlayışla yanaşmağa çağıraraq, hələlik uzaqdan işə məcburi köçürmə haqqında danışmadığını vurğulayıb. 

Bununla belə, parlamentarilər daha da irəli getməyi və işəgötürənləri yazılı müraciət əsasında bir sıra işçi kateqoriyalarını distant iş rejiminə keçirməyə məcbur edərək, bu normanın qanuniləşdirilməsini təklif edirlər.

Layihə müəlliflərinin fikrincə, bu hüquqdan hamilə qadınlar, üç yaşınadək uşağı olan analar, 18 yaşınadək əlil uşağı böyüdən tək analar, habelə azyaşlı uşaqları və sağlamlıq imkanları məhdud uşaqları böyüdən vətəndaşlar istifadə etməlidirlər.

Əlil uşağın yeganə təminatçısı olan valideynlər və qəyyumlar da bu hüquqdan yararlana biləcəklər.

Bəs Azərbaycanda uşaqlı, hamilə qadınlara işlə bağlı hansı güzəştlər var? Südəmər körpəsi olan işgüzar analara övladı ilə maraqlanmaq üçün vaxt verilir?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyində işgüzar analar, uşaqlı və hamilə qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulub.

 

Onun sözlərinə görə, xeyli vaxtdır bu, praktiki olaraq tətbiq olunmur:

“Azərbaycanda körpə uşağa qulluq edən analara bəzi hallarda isə atalara müəyyən güzəştlər nəzərdə tutulub. O cümlədən, uşaq 3 yaşına çatana qədər işləyən qadınlar qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərlər.

Bu hüququ həyat yoldaşlarına və ya ailənin başqa üzvlərinə də verə bilərlər. Eyni zamanda, südəmər uşağı olanlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində güzəşt nəzərdə tutulub.

Məsələn, onlar uşağı yedizdirmək üçün gündə 3 dəfə fasilə götürə bilərlər. 

Bu praktiki baxımdan çox çətindir. Çünki iş yerindən uşağın olduğu yerin arasında məsafə məsələləri var. Ona görə də onu iş gününün sonunda və yaxud fasilələri birləşdirib həftəsonu da götürə bilərlər.

Xeyli vaxtdır praktiki olaraq tətbiq edilmir. Bu, əsasən dövlət sektorunda tətbiq olunur. Amma bu, güzəşt var. Bundan başqa, digər güzəşlər də var. 

Lakin mən güzəştlərin çox olmasının tərəfdarı deyiləm.

Çünki bu qadınlara qarşı gizli diskriminasiyaya (ayrı-seçkilik) gətirib çıxardır. İşəgötürənlərə belə işçilər sərf eləmir. Mən onun tərəfdarıyam ki, qadınlar əmək bazarında rəqabətə davamlı olmaları üçün kişilərlə bərabər işləməlidirlər.

Məsafədən işləmək məsələsinə gəldikdə isə, məsafədən bütün işləri yerinə yetirmək mümkün deyil. Bəzi işlər ola bilər ki, onları məsafədən yerinə yetirmək mümkün olsun. Bizim özəl sektor bunu istəsə, tətbiq edə bilər. 

Buna heç bir qadağa yoxdur.

Distant, yəni məsafədən işləməklə bağlı tənzimləmə qanunvericiliyə ümumi şəkildə gətirilə bilər, bunu etmək olar. Amma bu da yenə də qadınlara qarşı bir qədər gizli bir ayrı-seçkilikdi. Qadınlar niyə kişilərdən fərqli olaraq məsafədən işləsin?”.

O bildirib ki, qadınlara yaxşı olar ki, başqa güzəştlər nəzərdə tutulsun:

Amma bütöv halda bu, qadınların əmək bazarında rəqabətə tab gətirməsinə mənfi təsir göstərir. Hesab edirəm ki, onlar kişilərlə bərabər işləməlidir, onlara dolayı güzəştlər nəzərdə tutulmalıdır”. 

Seçilən
11
cebheinfo.az

1Mənbələr