AZ

Avropa MÜHARİBƏYƏ YUVARLANIR: “Yanvarın 20-nə qədər…”

“Rusiya yalnız Ukraynanı deyil, ABŞ və Böyük Britaniyanın yaxın ərazilərdəki obyektləri də raket zərbələri ilə hədəfə alacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Rusiyanın Qərbə cavab olaraq Ukraynanı daha güclü silahlarla vurmasının müharibənin gedişinə təsirindən danışan analitikin sözlərinə görə, Ukrayna Rusiya ərazisinin iki vilayətinə ABŞ və Böyük Britaniyanın icazəsi ilə Qərb silahlarından istifadə edərək zərbələr endirdi:

“Əvvəllər də Rusiya prezidenti deyib ki, ATACMS və “Storm Shadow” raketləri ilə Ukrayna uzaq məsafələrə hücum edə bilməz. Bunun üçün Qərb mütəxəssislərinin və onların texnologiyalarının dəstəyi lazımdır. Qərb silahlarından istifadə edilərək Rusiyaya raket hücumları olduğu təqdirdə isə ABŞ və Böyük Britaniyanın hücumları kimi qiymətləndiriləcəyini də vurğulayıb”.

A. Səmədova görə, Ukraynanın raket zərbəsinə cavab olaraq Rusiya sürəti saatda 12,000 km-ə çatan yeni raketləri sınaqdan keçirdi:

“Bununla da Qərbə açıq ultimatum verdi. Xəbərdarlıq etdi ki, əgər raket hücumları davam edərsə, Rusiya özünü qoruyacaq. Maraqlıdır, Qərbin reaksiyası necə olacaq? ABŞ və Böyük Britaniyanın silahları ilə Rusiyanın dərinliklərinə növbəti zərbələr endiriləcəkmi? Rusiya qətiyyətli mövqeyini kifayət qədər qoruyur. Qərbdən hər hansı avantürist davranışlar gözlənilə bilər. Yəni daha ağıllı olmaq məcburiyyətindədir”.

Siyasi təhlilçi əlavə edib ki, nə olacağını yaxın günlər göstərəcək:

“Bütün hallarda, hətta Qərb Rusiya ilə gərginliyi davam etdirməyi seçsə belə, bu vəziyyət yanvarın 20-nə qədər çəkə bilər. Bayden belə bir qərar verərək, Trampı çətin vəziyyətdə qoydu. Tramp dərhal Rusiyanın dərinliklərinə raket zərbələrini qadağan edəcək. Hətta qısa müddətdə sülhə nail olmaq üçün əlindən gələni edəcək”.

“Qərb Rusiyanın dərinliklərinə zərbə vurmaqda israr etməməlidir. Çünki Ukraynaya bunun heç bir xeyri olmayacaq. Üstəlik, bu raketlər o qədər də çox deyil. Eyni zamanda, Rusiyanın hava hücumundan müdafiə sistemləri kifayət qədər güclüdür. Bu sistemlər S-400 və ya S-500 kimi yüksək səviyyəli texnologiyalardır. Bir sözlə, raket zərbələri yalnız Ukraynaya ziyan verəcək. Həmçinin bu vəziyyət davam edərsə, Rusiya yalnız Ukraynanı deyil, ABŞ və Böyük Britaniyaya yaxın ərazilərdəki obyektləri də raket zərbələri ilə hədəfə alacaq. Bu isə dünyanı çox təhlükəli bir vəziyyətə gətirib çıxara bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
27
8
yenicag.az

10Mənbələr