Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi" mövzusunda panel müzakirələri təşkil olunub.
Ekologiya.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək qeyd edib ki, iqlim dəyişmələri və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsi Qafqaz bəbirləri də daxil olmaqla bir çox canlının populyasiyasını təhlükə altına qoyur. Temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.
IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş "Azərbaycanda bəbirlərin populyasiyasının bərpası" layihəsinin bəbirlərin ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına ətraflı məlumat verildi. Leyla Əliyeva qeyd etdi ki, 2014-cü ildə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast gəlinib. Çıxışının yekununda Leyla Əliyeva bəbirlərin səmərəli mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə çağırıb.
Daha sonra WWF-in Avropa və Şimali Afrika üzrə regional direktoru Ajay Barai, təşkilatın Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, WWF-in Almaniya ofisinin direktoru Aurel Heidelberg, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının pişikkimilər üzrə eksperti Tatjana Rosen və "Ecocorridors Fund for the Caucasus" təşkilatının nümayəndəsi Jernej Stritih tədbir çərçivəsində çıxış ediblər.