Mövcud qaydalara əsasən, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsində vahid, yəni fiks yanaşma tətbiq olunur. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması gözlənilir. Pensiyaların əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılması müsbət haldır. Bununla belə, fiks indeksləşdirmə nəticəsində, 300 manat pensiya alan vətəndaşımızın pensiyasında cəmi 24 manat, 3 min manat pensiya alanın pensiya məbləğində 240 manat artım qeydə alınır. İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün bu, az pensiya məbləği olanlarda az, çox pensiya alanlarda çox artım deməkdir.
Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Milli Məclisdə “2025-ci ilin dövlət büdcəsi” layihəsinin müzakirəsi zamanı pensiyaların indeksləşdirilməsi və pensiya kapitalından istifadə ilə bağlı təkliflərini təqdim edərkən deyib.
Onun sözlərinə görə, mövcud maliyyə fondu çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var:
“Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından və digər vəriblardan istifadə oluna bilər. Bununla da, indeksasiya nəticəsində nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara nail olmaq olar. Bu həm median pensiya məbləğinin artmasına, həm də indeksləşdirmə üçün nəzərdə tutulan ümumi vəsaitin daha proporsional bölüşdürülməsinə imkan verə bilər”.
O, pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi təklifini də səsləndirib:
“Sinqapur və bir sıra digər ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi məqsədəuyğun olardı. Bu zaman vətəndaşlarımız pensiya yaşının tamam olmasını gözləmədən kapitalın bir hissəsindən daha öncə istifadə edə bilərlər. Bu baxımdan, ABŞ modelində olduğu kimi, minimum pensiya kapital tələbi ilə yanaşı orta pensiya kapital tələbi müəyyənləşə bilər ki, bu da kapitaldan istifadəyə imkan yaradar”.