AZ

Dalğa energetik qurğusunun səmərəliliyi artırılır

Fins.az - Alternativ və bərpaolunan enerji sahəsi, xüsusilə dalğa energetikası müasir dünyada dayanıqlı inkişafın əsas hissələrindən biridir. Uzun müddət davam edən tədqiqatlar və təcrübələrə baxmayaraq, dalğa energetikası günəş, külək və geotermal enerjisi kimi sahələrlə müqayisədə hələ də kifayət qədər inkişaf etməyib. Lakin, dəniz və okean dalğalarının enerjisindən elektrik enerjisi istehsalı, ekoloji cəhətdən təmiz və bərpaolunan bir həll olaraq əhəmiyyət kəsb edir.

Azərbaycanın coğrafi mövqeyi və Xəzər dənizinin varlığı, dalğa enerjisindən elektrik enerjisi istehsalı üçün böyük potensiala malikdir. Bu sahədə innovativ layihələr hazırlanır və tədqiqatlar davam etdirilir. "Caspian Technologies and Innovations" MMC tərəfindən hazırlanan Turbin Tipli Dalğa Energetik Qurğusu, yerli şirkət "İdrak Texnoloji Transfer" MMC-nin maliyyə və texniki dəstəyi ilə gerçəkləşdirilib. Bu qurğu, təkcə güclü dalğalara deyil, zəif dalğalara da uyğun olduğundan Xəzər dənizində istifadəyə yararlıdır.

Layihənin rəhbəri Ruslan Qədirov bildirib ki, laboratoriya sınaqlarında qurğunun faydalı iş əmsalı 26-30 faiz təşkil edib. Hazırda isə təbii şəraitdə quraşdırılan qurğunun prototipinin test-sınaqları aparılır və texniki-iqtisadi səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Elektronika mühəndisi Əbülfəz Məhərrəmov, bu qurğunun istehsal etdiyi elektrik enerjisinin şəbəkəyə verilə və akkumulyasiya oluna biləcəyini vurğulayıb. Mütəxəssislər, bu innovativ qurğunun inkişafını və səmərəliliyinin artırılmasını yüksək qiymətləndirirlər.

Seçilən
52
fins.az

1Mənbələr