AZ

Saşa Boe: “Liqa 1-də oynamaq Bundesliqada oynamaqdan çətindir”

“Bayern”in fransalı sağ cinah müdafiəçisi Saşa Boe Fransa Liqa 1 və Almaniya Bundesliqasının səviyyəsini müqayisə edib.

Arena.az “Euro Foot” dərgisinə istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Liqa 1 daha çətindir, çünki qarşı oynadığınız autsayderlər sizə qarşı çarpışmağa və çox yaxşı müdafiə olunmağa hazırdırlar. Onların hamısı isə sürətlidir, ona görə də bütün oyun boyu diqqətinizi cəmləməlisiniz. Bundesliqada hər şey fərqlidir, çünki mənim kimi oyunçu, məsələn, öz sürəti ilə oyunu idarə edə bilər. Liqa 1-də mən bunu bacarmırdım”, deyə Boe fikrini əsaslandırıb.

Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.

2024-cü ilin yanvar ayının 28-də “Bayern” Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb. Transfer “Bayern”ə 30 milyon avro məbləğ müqabilində başa gəlib.

Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Boe cari mövsümdə “Bayern”də 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Boenin Münhen klubundakı karyerası ümumilikdə 4 oyun və 1 məhsuldar ötürmədən ibarətdir.

Vurğulayaq ki, zədələr fransalı futbolçuya “Bayern”in heyətində mütəmadi əsasda yer almağa imkan vermir.

Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu illər mövsümündə qazandığı Fransa Kuboku və “Qalatasaray”la 2022/2023-cü illər mövsümü Türkiyə çempionluğu var.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
arena.az

1Mənbələr