AZ

COP29 Dünya idmanını da yaşıla bürüdü

Bakının məşhur futbol qonaqları – İnfantino, Fatih Terim, Joan Laporta, Ronaldinyo…

Uğurlu nəticəni bəri başdan qeyd etməyə dəyər: COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradıldı. Bu, BMT-nin qlobal iqlim sammitləri tarixində ilk presedentdir. İmza Azərbaycana məxsusdur.

İndi isə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn məşhur futbol adamları barədə söhbətimizə başlayaq. Dünyanın ən nüfuzlu idman təşkilatlarından olan FIFA-nın prezidenti Canni İnfantino COP29-da iştirak etmək üçün ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də beynəlxalq futbol federasiyasının rəhbəri ilə görüşüb.

Əvvəlcə İnfantino xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə FIFA prezidentinə təşəkkürünü bildirib. Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olunub, İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib. Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.

FIFA-nın İnfantinonun Bakı səfərinə həsr edilmiş məlumatında deyilir: “FIFA prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə COP29 Sammitində iştirak edib, həmçinin müxtəlif dövlət və hökumət başçıları ilə görüşüb. Sammit 2018/19 UEFA Avropa Liqasının final matçının və UEFA Avro 2020 turnirinin bəzi oyunlarının keçirildiyi Bakı Olimpiya Stadionunda keçirilir”.

Canni İnfantino da şəxsi “Instagram” hesabında COP29 ilə bağlı paylaşım edib: "Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi. FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Biz iqlimlə bağlı fəaliyyətə dəstək olmaq və töhfə vermək üçün proqramlar hazırlamış və həyata keçirmişik. Çox məmnun oldum ki, iştirak edən hər kəsin ümumi məqsədi var: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm".

* * *

COP29 ilə bağlı Azərbaycana səfər edən məşhur simalardan biri də əfsanəvi futbolçu Ronaldinyo olub. Noyabrın 12-də Bakıya gələn braziliyalı ölkəmizdə müxtəlif tədbirlərdə iştirak edib. Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandalarının futbolçuları ilə görüşüb. "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları 2002-ci ilin dünya çempionu ilə ünsiyyətdə olublar.

Ronaldinyo COP29-un keçirildiyi məkana da baş çəkib. O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları, həmçinin Heydər Əliyev Fondunun stendi ilə tanış olub. 2005-ci il “Qızıl top”unun sahibi səfər müddətində "Dəniz Mall" ticarət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da görüşüb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüş zamanı onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

Bakıda Ronaldinyoya Qarabağ xalçası, Azərbaycan millisinin 10 nömrəli forması və digər hədiyyələr təqdim olunub.

Ölkəmizi tərk etdikdən sonra Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Azərbaycana səfəri ilə bağlı paylaşım edib. O, sosial şəbəkə hesabında COP29 çərçivəsində Bakıda keçirdiyi görüşlərin görüntülərini bölüşüb.

* * *

"Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradılıb. Bununla bağlı tədbir noyabrın 16-da Mavi zonanın "Nəsimi" zalında keçirilib.

“Sky Sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə təşkil olunan "İqlim naminə futbol" tədbirində dünyanın bir sıra nüfuzlu futbol klubları iqlim dəyişmələrinə qarşı mübarizədə öz öhdəliklərini əks etdirən bəyanatlarla çıxış ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə UEFA Avropa Liqasında "Çelsi" və "Arsenal" komandaları arasında keçirilmiş final matçına evsahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini xatırladıb. O, 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətindən danışıb.

COP29-un baş sözçüsü Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib. O, alyansın dünyada ən aktual problemlərindən biri olan iqlim dəyişikliyinin həllinə öz töhfəsini verəcəyini bildirib.

"Qarabağ"ın prezidenti Tahir Gözəl isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.

Sonra iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılıb. İqlimlə bağlı mövzularda daim həssas davranan, inkişaf edən və hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” klublarının nümayəndələri zəngin təcrübələrini digər iştirakçılarla bölüşüblər. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat ediblər.

Təqdimatlardan sonra tanınmış futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Alyansda Azərbaycan təmsilçisi ilə yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) yer alıblar.

İqlim mövzusuna həssas yanaşan və bununla bağlı yaddaqalan layihələr reallaşdıran həmin klublar alyansın yaradılması barədə sənədə imza atıblar. Bununla da həmin 11 tanınmış klub qurumun yaradıcıları hesab olunub, öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Bu məqsədlə futbol klubları dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, "İqlim fəaliyyəti üçün UNFCCC idman" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Bu mərasim dünya mətbuatının da diqqət mərkəzində olub. Məşhur “Forbes” jurnalı tanınmış futbol klublarının Bakıda bir araya gəlməsinə xüsusi diqqət ayırıb və önəm verib: “Azərbaycanın “Qarabağ” klubunun və ECA-nın birgə rəhbərlik etdiyi İqlim üzrə Futbol Klubları Alyansına ilk olaraq 11 klub qoşulub. Bu alyansın əsas məqsədi daha çox futbol klubunu təşəbbüsə qoşulmağa həvəsləndirməkdir. Əlavə öhdəliklərə isə klubun ətraf mühitə təsirini minimuma endirmək, azarkeşləri iqlimlə bağlı tədbirlər görməyə ruhlandırmaqdır”.

İtaliyanın məşhur “RAI” agentliyi “Qarabağ”ın təşəbbüskarı olduğu alyansın gələcək naminə bir araya gəldiyini vurğulayıb: “Udineze”nin stadionunun işıqlandırılması üçün Günəş elektrostansiyası bütün İtaliya üçün nümunədir. ECA-nın dayanıqlılıq inkişafı üzrə İşçi qrupunun üzvü olan “Udine” klubu yeni alyansın təsis edilməsi sənədini imzalayanlar sırasındadır. Bu klublar iqlim dəyişiklikləri ilə birgə mübarizə üçün öz üzərinə öhdəliklər götürüblər. Bu alyans dayanıqlı gələcək üçün birgə fəaliyyətlər həyata keçirəcək”.

“Sky Sport” Bakıda alyans yaradılmasını tarixi hadisə sayıb: “Futbol dünyasının və ECA-nın COP tədbirində tarixi iştirakı Bakıda gerçəkləşib. Burada son illərdə sosial və ekoloji məsələlərdə həssaslıq göstərən klublar iştirak ediblər. Alyans yaradan 11 klub iqlim dəyişiklikləri ilə mübarizədə öhdəlikləri imzalayıblar. Tarixdə ilk dəfə idman klubları iqlimlə bağlı mümkün böhranla mübarizədə səylərini birləşdiriblər”.

“Corriere” qəzeti də alyansın yaradılmasını futbol adına böyük addım hesab edib: “Futbol da artıq Bakıda COP-29 meydanındadır. Bu, tarixdə ilk dəfədir. Dünyanın aparıcı klubları dayanıqlılıqdakı fəaliyyətlərini nümayiş etdirmək üçün bir araya gəliblər. “Qarabağ”ın təşəbbüsü ilə yeni dövrə – klubların alyansda birləşərək iqlim dəyişikliyi ilə birgə mübarizəsinə start verilib. ECA isə quruma üzv olan 700 klub adından birləşməyə çağırış edib”.

* * *

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edib. Türkiyəli qonaqlar arasında "Qalatasaray" İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu da olub.

Səfər zamanı Fatih Terim gənclər və idman naziri Fərid Qayıbovla görüşüb. Qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Fatih Terim səmimi qəbula görə təşəkkür edib, ilk dəfə ölkəmizə 1996-cı ildə gəldiyini və Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.

Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. İbrahim Hatipoğlu, "Qalatasaray" İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov da iştirak ediblər. Fatih Terimin jurnalistlər üçün brifinqi də təşkil olunub. Tədbirdə Türkiyə millisinin sabiq baş məşqçisi çıxışında Azərbaycan və Qurban Qurbanovdan danışıb, Rəşad Sadıqovu salamlayıb.

Xatırladaq ki, Fatih Terimin rəhbərliyilə Türkiyə millisi Azərbaycan komandası ilə üç yoldaşlıq görüşü keçirib ki, onlardan da ikisi Bakıda olub. Millimizin Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyununda – 1996-cı ildə Türkiyə komandası 1:0 hesabı ilə qalib gəlib, 2006-cı ildəki qarşılaşma isə heç-heçə nəticələnib (1:1). Nəhayət, 2009-cu ildə Kayseridəki oyun da Türkiyə futbolçularının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, Fatih Terimin rəhbərlik etdiyi “Qalatasaray” 2020-ci ildə Bakıda Avropa Liqasının seçmə oyununda “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.

* * *

İspaniyanın məşhur "Barselona" klubunun prezidenti Joan Laporta da Bakıda olub. O, açıqlamasında dəvətə görə Azərbaycana təşəkkür edib: "Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".

Laporta COP29-un keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib. Kataloniya təmsilçisinin rəhbəri oradakı pavilyonlarla tanış olub və insanlarla fikir mübadiləsi aparıb.

O, Zəfər parkını da ziyarət edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi barədə ona ətraflı məlumat verilib. "Barselona"nın rəhbəri Azərbaycanın aşağı yaş qruplarından ibarət komandalarının üzvləri – "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", ASTA Futbol Akademiyası və "Marset" Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə də görüşüb.

Noyabrın 17-də isə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fəxri qonaqla görüşüb. Görüş zamanı Laportanın COP29-da iştirakının əhəmiyyəti vurğulanıb. Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Yeri gəlmişkən, “Barselona” rəsmi “Instagram” hesabında prezident Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb. Kluba məxsus 137 milyonluq səhifədəki video COP29 çərçivəsində keçirilən görüşləri əks etdirir.

Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqa, iki dəfə də Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahib olub. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb. O, 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib və bu müddətdə klub hələ ki, cəmi bir dəfə İspaniya çempionu (2023) olub.

Beləliklə, COP29 həm ilk dəfə idmanı, həm də onun avanqard növü sayılan futbolu “yaşıl dünya” çağırışlarına qoşmaqla yaddaşlarda qalacaq…

Rasim MÖVSÜMZADƏ,
idman şərhçisi

Seçilən
28
xalqqazeti.az

1Mənbələr