AZ

Bakıdan sonra Danimarkada...

Söhbət binasürüşdürmə təcrübəsindən gedir

Hamının yadındadır, 2013-cü ilin aprelində paytaxtın Füzuli küçəsində ağırlığı 18 min ton olan tarixi yaşayış binası 4 gün ərzində 10,5 metr geri sürüşdürülmüşdü. Məqsəd həmin ərazidə yaradılan yeni parkın ətrafındakı binalar arasında həmahənglilik yaradılması idi. Tarixi memarlıq abidəsinin sökülməməsi üçün onun yerinin dəyişdirilməsi məqsədəuyğun sayılmış və icra olunmuşdu.

Aradan 6 il keçəndən sonra isə Danimarkada çəkisi 720 ton olan 120 illik mayakın köçürülməsi barədə məlumat oxumuşduq. Ancaq Azərbaycandakı anoloji hadisə ilə Danimarkadakı fakt arasında müəyyən fərqlər var idi. Əvvəla, Bakıdakı sürüşdürülən binanın ağırlığı 18 min ton, Danimarkadakı mayakın çəkisi isə cəmi 720 ton idi. İkinci, Bakıdakı bina 4 gündə 10 metrdən çox, Danimarkadakı mayak isə saatda 8 metr sürüşdürülmüşdü.

Rusiyalı həmkarlarımız yazırlar ki, (https://1969ja.livejournal.com/803261.html) Danimarkada 120 illik mayak erroziyalar nəticəsində sahilə yaxınlaşan dəniz dalğalarından xilas edilmək üçün relslər üzərində 70 metr kənara çəkilib. Xatırladaq ki, “Rubjerg Knud” mayakı ölkənin şimalındakı eyniadlı bölgədə – Şimal dənizi sahilində bir qaya üzərində tikilmişdi. 23 metrlik mayakın tikintisinə 1899-cu ildə başlanılmış və ilk dəfə 1900-cü ildə yeni tikili işıqlandırılmışdı.

Mayak sahildən 200 metr aralıda yerləşir. Sahil xəttinin aşınması səbəbindən dalğaların ona çatmasına cəmi altı metr qalmışdı. Amma bu tikintinin başqa bir problemi də var idi. Belə ki, sahil suları onun uçub dənizə tökülməsi təhlükəsini yaradırdısa, əks tərəfdən əsən güclü şimal küləklərinin yaratdığı qum təpələri binanın yarıdan çoxunu görünməz edirdi.

Bildirilir ki, mayakın “köçürülməsi” təxminən 10 saat çəkmişdir.

Əlavə edilir ki, “Rubjerg Knud” Danimarkanın görməli yerlərindən biridir. Hər il 250 min insan bu ərazini və mayakı ziyarət edir. Mayak binasının içərisində muzey və kafe var. Binanın yerinin dəyişdirilməsi ölkə büdcəsinə 5 milyon Danimarka kronuna (745,2 min dollar) başa gəlib. Mütəxəssislərin fikrincə, mayak bundan sonra daha 40 il təhlükəsiz şəkildə gəmilərə yol göstərə biləcək.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr