AZ

Qərbin COP29 qərəzi - gördükləri gerçəyi danmaq mərəzi

Deputat: “Bu qərəzin kökündə dayanan əsas məsələ ölkəmizin müstəqil siyasət yürütməsini həzm edə bilməmələridir”
 
Bakının ev sahibliyi etdiyi BMT-nin COP29 iqlim konfransı dünən başa çatıb. Artıq əminliklə demək olar ki, Qərbdəki bəzi qüvvələrin çılğın boykot çağırışlarına rəğmən, Azərbaycan bu mötəbər tədbirin öhdəsindən də uğurla gələ bildi. Bu isə bədxahlarımızın səylərinin əksinə olaraq, sözsüz ki, ölkəmizin beynəlxalq imicinə əlavə və çox mühüm xallar gətirəcək, regionun açar dövləti kimi regiondakı və dünyadakı mövqeyimizi gücləndirəcək, regional oyunçu statusumuzu möhkəmlədəcək.        
 
“Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP29 mükəmməl təşkil edilib”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinq zamanı bildirib.
 
Rusiyanın COP29-da geniş təmsil olunduğunu xatırladan Zaxarova habelə ölkəsinin nümayəndə heyətinin rəsmi Bakı tərəfindən yüksək səviyyədə qəbul olunduğunu söyləyib: “Əminik ki, COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq. Xüsusilə tədbirdə belə nəticələr, uğurlar, səviyyə nümayiş olunub. Biz iqlim istiqamətində Azərbaycan və bütün digər maraqlı dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyi davam etdirməyi hədəfləyirik”.
 
Bəs Azərbaycanın uğurunu özünü “ədalət carçısı” sayan Qərbin bir çox dövlətləri niyə görməzdən gəlir? Nədən analoji etirafları, kiçik istisnalarla, Qərbdən, onun özünü müstəqil sayan mediasından görmürük? Bu “xəsisliyin”, qərəzin və ya paxıllığın səbəbi nədir? Axı söhbət həm də BMT adına, ümumbəşəri inkişaf naminə reallaşan bir tədbirdən gedir...
 
 
 
 Azər Badamov 
 
Deputat Azər Badamov bu qərəzin kökündə duran səbəbləri açıqladı: “COP29 beynəlxalq əhəmiyyət daşıyan BMT tədbiridir. Bu tədbirə çox uğurla ev sahibliyi etdik. Ölkəmizə gələn 80-dan çox dövlət, hökumət və parlament rəhbərləri, 70 mindən çox qonaq ölkəmizdə özlərini çox rahat şəkildə hiss etdilər və qlobal gündəliyə həsr olunmuş məsələləri geniş şəkildə müzakirə etdilər. Deyə bilərik ki, COP29 ondan əvvəlki COP-lardan fərqləndi və COP həyatında bir dönüş nöqtəsi oldu. Çünki COP29 gündəliyində müəyyən olunmuş 14 hədəf geniş müzakirə olundu və tədbirin keçirildiyi hər günündə məsələlər ətrafında müzakirələr aparılaraq qərarlar qəbul edildi. Tədbirin yüksək səviyyədə keçirilməsi və nəticəyönümlü olması Azərbaycanın növbəti uğurudur və ölkəmizin dünya siyasətində özünə məxsus yerinin olduğunun göstəricisdidr. COP29-da iştirak edən dövlətlər Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirirlər və ümumi qərarların qəbulunda iştirakından məmnun olduqlarını bildirirlər. Məsələn, Rusiyanın XİN sözçüsü Mariya Zaxarova Azərbaycan haqqında yüksək fikirlər ifadə etdi. Amma COP29 -un baş tutmasına mane olmağına çalışan, boykot etməyinə çağırışlar edənlər də oldu. O cümlədən özlərini demokratik və azad media olduğunu bildirən Qərb mediası da özlərinin ağalarının sifarişlərinə qoşuldular və COP29 tədbirlərinin işıqlandırılmasına geniş yer vermədilər. Təbii ki, bu qərəzin kökündə dayanan əsas məsələ ölkəmizin müstəqil siyasət yürütməsini həzm edə bilməmələridir. Azərbaycan Qərbin canfəşanlıqlarına baxmayaraq COP29-u yüksək şəkildə keçirdi. Qərb dairələri isə ölkəmizin belə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsini həzm edə bilmirlər. Onlar Cənubi Qafqazı müharibələr və qarşıdurmalar regionu kimi görməyə öyrəşiblər. Amma Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik adasına çevrilmiş və COP29 kimi beynəlxalq təbirlərə uğurla ev sahibliyi edir. Həm də Azərbaycan COP29-un gündəliyinə çox ciddi və vacib məsələləri daxil etmişdi. Məsələn, iqlim maliyyəsinin yaradılmasında konsensusun əldə olunması və iqlimə daha çox zərər verən ölkələrin daha çox iqlim maliyyəsini ödənilməsinin vacibliyi tələb edilir. Bu gün iqlim dəyişikliklərinə ən çox zərər vuran ölkələr inkişaf etmiş Qərb ölkələridir. Onlar iqlim maliyyəsinin ödənilməsindən yayınmağa çalışırlar. Bunun üçün də asan yol Azərbaycana qarşı qarayaxmalar və qərəz yağdırmaqla COP29-un keçirilməsinə mane olmaq idi. Amma Azərbaycanın mövqeyini heç nə dəyişə bilmədi və COP29 yüksək səviyyədə baş tutdu. Bu, ölkəmizin növbəti uğurudur. Uğurlarımız dostlarımızı sevindirir, düşmənlərimizə isə mənəvi əzab-əziyyət  verir”.
 
 
Aydın Mirzəzadə
 
Deputat Aydın Mirzəzadənin sözlərinə görə, Avropanın müəyyən dairələrinin cəhdlərinə baxmayaraq, COP29-u “boykot” etmək alınmadı: “Avropanın aparıcı liderləri, digər bölgələrin birinci şəxsləri COP29-a qoşularaq iqlim dəyişmələri ilə bağlı çox ciddi müzakirələr apardılar. Burada qəbul edilən qərarlar, planetimizin yaşıl mənzərəsinin qorunmasına çox ciddi kömək edəcək”.
 
Deputat bildirib ki, COP29-da iştirak edən Avropa liderlərinin çıxışlarında iqlim dəyişmələrini təkcə sözlə deyil, eyni zamanda çox ciddi investisiya yatırmaqla müsbət tərəfə yönəltmək barəsində də təkliflər səsləndirildi: “Artıq bununla bağlı ciddi proqramlar işlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi. Nəinki COP29 yüksək səviyyədə təşkil etmək, müzakirələr üçün müvafiq şərait yaratmaq, hətta Azərbaycan öz imkanına uyğun olaraq vəsait də ayırmağa hazırdır. Hesab edirəm ki, COP29 qarşısına qoyulan məqsədlərə çatdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Hesab edirəm ki, Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktiki addımları da göstərdi. Ənənəvi neft-qaz ölkəsi olmasına baxmayaraq, ildən-ilə yaşıl enerjinin həcmi artır. Günəş, külək elektrik stansiyalarının çoxalması da buna bir daha sübutdur.
 
İşğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan MR-in yaşıl zona elan edilməsi Azərbaycanın planetimizi qorumaq məsələsinə verdiyi mühüm töhfə olacaq".
 
Onu da bildirək ki, COP29 günlərində Azərbaycana Avropadan gələn təzyiqlərdən biri də Lüksemburqda yaşanıb. Lüksemburq Deputatlar Palatası noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul edib. Bu qətnaməyə Bakıdan cavab gecikməyib. 
 
“Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərindən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Lüksembuq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nümunədir. 196 dövlət Bakı iqlim platformasında bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur, aktual dünya siyasətinin reallığından uzaq düşmüş Lüksemburq parlamentariləri isə məhz buna ev sahibliyi edən ölkəni - Azərbaycanı yenidən şantaj etməklə məşğuldur”.
 
Bunu modern.az-a açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
 
O qeyd edib ki,  ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Lüksemburq Parlamentinin Qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir: “Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə regionu real məşğul edən məsələlərin həllinə dəstək verməsi Lüksemburq Parlamentinə hörmət qazandırar. Ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə edilmək regionun xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xidmət etmir.
 
Lüksemburq Parlamentinin reallıqları təhrif edən və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir və lüksemburqlu həmkarları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə dəvət edirəm".
Seçilən
19
50
moderator.az

10Mənbələr