AZ

COP29 Azərbaycana və dünyaya NƏ VERDİ...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının Bakıda keçirilən 29 sessiyası (COP29) başa çatdı. Azərbaycan 11 ay hazırlaşdığı bu beynəlxalq tədbirə layiqli şəkildə evsahibliyi etdi və 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Qısa müddətdə yaradılmış optimal texniki şərait, müzakirələr üçün əlverişli iclas zalları, qurulmuş povilyonlar tədbirin arzuolunan şəkildə reallaşmasını və öz işini effektiv, səmərəli yekunlaşdırmasını təmin etdi.

Əvvala ondan başlamalıyıq ki, biz bu tədbiri Azərbaycanın bədxahlarının qarayaxma kampaniyası, yəni sessiyanın boykot olunmasına çağırışlar şəraitində reallaşdırdıq. Bir sıra dövlətlər ciddi ekoloji müzakirələrə həssaslıq göstərmək əvəzinə, Azərbaycanın evsahibliyinə qısqanclıq, başqa sözlə ölkəmizə olan hörməti həzm etməməkdən irəli gələn kobud davranış sərgiləyirdilər. Daxildəki müəyyən qüvvələr də xaricdəki qulp qoyanlarla, pozucu qüvvələrlə səs-səsə vermək istəyirdi. Məqsəd nə olur-olsun, tədbir baş tutmasın, Azərbaycan beynəlxalq aləmdə rüsvay olsun kimi bədniyyətlilikdən doğurdu; Ölkəmizin uğurlarını gözü götürməyənlərin xislətindən irəli gəlirdi. Əslində həmin qüvvələrin bədxahlığı dünyanın iqlim siyasətinə vecsizlik, dünyanı fəlakətlərdən qorumaq addımları əleyhinə atılmış addım kimi mənalanırdı. Məhz belə bir şəraitdə COP29-a hazırlıq aparılırdı və xalqımız Prezident İlham Əliyevin bu tədbirlə bağlı verdiyi tapşırıqların, ciddi hazırlıqların ölkəmizə, bütövlükdə dünyaya fayda gətirəcəyinə inanırdı. Ona görə də tədbirin təşkilində güclü bir həmrəylik yarandı, sessiyaya böyük könüllü ordusu, gənclər maraq göstərdi. Media qurumları, televiziyalar, xarici jurnalistlər bütün diqqəti COP29-a yönəltdi. Və ən əsası, boykota çalışan dairələrin çirkin səylərinə baxmayaraq, tədbirdə 80 ölkənin prezidenti, vitse-prezidenti, baş naziri iştirak etdi. Prezident İlham Əliyevin açılış nitqində bədxahlara etdiyi xitab COP29-un ən təntənəli nidası idi: "Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.


Beləliklə, bütün dünyanın toplaşdığı COP29-da ekoloji problemlərlə bağlı əməkdaşlıqda yeni bir mərhələnin əsası qoyuldu.

Qlobal tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki, bu, ölkəmizə güclü bir etimad qazandırdı. COP29 bütün dünyaya Qarabağın azad edilməsindən sonra Azərbaycanın yeni obrazda təqdimat fürsəti və regionda yaranmış yeni reallıqların dünya tərəfindən yekdilliklə qəbul edilməsi idi. Azərbaycan böyük miqyaslı tədbirlərin keçirilməsində dəfələrlə öz təcrübəsini sübut etmişdi, bu beynəlxalq ekoloji tədbir də bir daha ölkəmizin geniş imkanlara sahib olduğunu təsdiqlədi. Həmçinin tədbir vasitəsilə xarici qonaqlara mədəniyyətimiz, tariximiz, milli-mənəvi dəyərlərimizlə daha ətraflı tanışlıq imkanı yarandı.

Azərbaycan bir daha Bakıya toplaşan beynəlxalq ictimaiyyətə siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi; Yaşıl dünya naminə atdığı və atacağı addımları, yaşıl enerji potensialını diqqət mərkəzinə gətirdi; Ekologiyanın, ətraf mühitin, atmosferin qorunması siyasətindəki ardıcıllığını və qətiyyətli mövqeyini aydın şəkildə hər kəsə anlatdı. Bu beynəlxalq tədbir bizim üçün Ermənistanın işğal etdiyi torpaqlarımızda yaratdığı ekoloji fəlakətin miqyasını dünyaya göstərmək, böyük bir ərazinin minalanmasını, onun tam təmizlənməsinin zaman və texniki imkanlar tələb etməsini COP tribunasından dünya ölkələrinə mesaj olaraq vermək nöqteyi-nəzərindən də mühüm əhəmiyyətə malik oldu. Üstəlik, Azərbaycanın işğaldan qurtardığı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, bərpaolunan enerji mənbələri ilə zənginliyi, bunun üçün həyata keçirilən layihələr və gələcək üçün nəzərdə tutulan işlərin təhlükəsiz dünyaya töhfə olacağı bu tədbir vasitəsilə təşviq edildi. Tədbir ölkəmizdə ekoloji maariflənmənin ən təsirli platforması kimi yaddaşlarda qaldı. İqlim dəyişmələrinin fəsadları, onlarla mübarizə, ətraf mühiti qorumağın vacibliyi, dünyanın yaşıllığa məhkumluğu, yaşıl olmayan dünyanı hansı fəlakətlər gözləyir kimi məsələlər müxtəlif tədbirlər vasitəsilə geniş təbliğ olundu.

COP29-un dünya üçün əhəmiyyətinə gəldikdə, ilk növbədə deməliyik ki, bir sıra siyasi maraqlar güdən ölkələr istisna olmaqla, demək olar bütün coğrafiyalar ekoloji təhlükəsiz bəşəriyyət üçün səfərbər olmağı bacardı. Dünyanın xilas yolu birgə müzakirə edildi, çıxış yollarına birlikdə nəzər salındı. Hər bir ölkənin üzərinə düşən vəzifə və öhdəliklərə əməl olunmasında, yaşıl enerji potensialının düzgün qiymətləndirilməsi, yaşıl enerji ixracı istiqamətində əməkdaşlıq məsələlərində qəti mövqe ortaya qoyuldu.

Seçilən
48
1
modern.az

10Mənbələr