"Bu gün Azərbaycanın saysız-hesabsız kənd və qəsəbələrində insanlar bankomat problemi yaşayır".
Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O qeyd edib ki, ödənişlər, əsasən də pensiyalar verilən zaman soyuq havalara baxmayaraq, rayon mərkəzlərinə axın olur:
“Bankomat qarşısında yaşlı, ahıl, əlil insanlardan ibarət xoşagəlməz mənzərələr yaranır. Təbii ki, bankların öz arqumeti var. Müştəri azlığı, təhlükəsizlik məsələləri və xərc yüksəkliyi kimi məsələlər onları bu işdə maraqsız edir. Amma bunun regional inkişafın təşviqi, iqtisadi inklüzivlik, rəqəmsal ödənişlərin təşviqi, fiziki bank filiallarının yükünün azaldılması, sosial və iqtisadi inkişafın dəstəklənməsi və digər müsbət tərəfləri də var”.
İqtisadçı bildirib ki, kəndlərdə bankomatların quraşdırlması ən yüksək Korporativ Sosial Məsuliyyət (KSM) davranışı olardı:
“Banklar, bu cür addımlar atmaqla yalnız öz maliyyə məqsədlərini deyil, həm də cəmiyyətə və sosial mühitə qarşı məsuliyyətlərini yerinə yetirmiş olurlar. Bir faktı qeyd edim ki, Korporativ Sosial Məsuliyyət üzrə xərclər artıq dünyada 30 milyard dollara çatır. Çünki KSM fəaliyyəti böyük şirkətlərin artıq səviyyə indekatorlarından birinə çevrilir”.
Günay
Sfera.az