AZ

Gender bərabərliyi daha çoxhansı sahələrdə qorunur? - təhlil

 

Qadınların ictimai və inzibati sahələrdə fəallığının artırılması istiqamətində işlər davam edir

Gender bərabərliyi cəmiyyətin inkişafında mühüm amillərdən biridir. Bu prinsip qadınlar və kişilər arasında hüquq, imkan və resursların bərabər şəkildə bölüşdürülməsini təmin etməyi nəzərdə tutur.

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün bir sıra qanunvericilik aktları qəbul edilib. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul edilməsi ölkədə qadınların və kişilərin hüquqlarının qorunmasında əhəmiyyətli addım oldu. Bununla yanaşı, Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyasına qoşulub.

Hazırda ölkəmizdə hansı sahədə gender bərabərliyi qorunur?

Təhsil. Azərbaycanda təhsil sistemi gender bərabərliyinin ən çox qorunduğu sahələrdən biri hesab olunur. Ölkədə həm qadınların, həm də kişilərin təhsilə çıxışı qanunla təmin edilir və bu sahədə ciddi ayrı-seçkilik müşahidə olunmur. Lakin təhsildə gender bərabərliyi məsələsinə daha dərindən baxıldıqda, bəzi maraqlı tendensiyalar ortaya çıxır. Belə ki, ölkədə müəllimlər arasında daha çox qadınlar üstünlük təşkil edir. Statistikaya əsasən, Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əksəriyyəti qadınlardır. Xüsusilə ibtidai və orta təhsil səviyyələrində qadın müəllimlərin sayı kişilərlə müqayisədə daha çoxdur. Bu, qadınların pedaqogika sahəsində ənənəvi olaraq güclü mövqeyə malik olduğunu göstərir.

Məktəb direktorlarının da böyük hissəsi qadınlardır. Yəni xüsusən son illərdə orta məktəblərdə direktor vəzifələrində qadınların üstünlük təşkil etdiyi müşahidə olunur. Bu, qadınların idarəetmə sahəsində artan iştirakını və təhsil sistemində onların liderlik rolunu gücləndirir.

Qızların təhsilə cəlb olunması məsələsinə gəldikdə, araşdırmalar onu göstərir ki, Azərbaycanda xüsusilə şəhər yerlərində qızların orta və ali təhsilə cəlb olunması nisbəti kifayət qədər yüksəkdir. Lakin kənd yerlərində qızların təhsil alması bəzi hallarda mədəni və sosial faktorlarla məhdudlaşır, onların təhsildən uzaq tutması halları müşahidə olunur. 

Ali təhsil müəssisələrində isə  qadınlar daha çox humanitar və sosial elmlərdə üstünlük təşkil etsələr də, texniki və mühəndislik sahələrində onların iştirakı nisbətən aşağıdır.

Beləliklə, Azərbaycanda təhsil sahəsində qadınların rolu yüksəkdir, bu da gender bərabərliyinin qorunmasına müsbət təsir göstərir. Lakin mütəxəssislər qeyd edir ki, kişilərin də təhsildə iştirakı artırılmalı və kənd yerlərində qızların təhsilinə diqqət daha da gücləndirilməlidir. Təhsildə gender balansının qorunması yalnız bərabərlik məsələsi deyil, həm də təhsil keyfiyyətinin artırılması və cəmiyyətin davamlı inkişafı üçün vacib amildir.

Azərbaycanda səhiyyə sektoru da qadınların geniş təmsil olunduğu sahələrdən biridir. Belə ki, həkim, tibb bacısı, mama-ginekoloq və digər səhiyyə sahələrində qadınlar üstünlük təşkil edirlər. Statistikaya əsasən, tibb bacılarının və terapevtlərin əksəriyyəti qadınlardır. Qadınlar xüsusilə pediatriya, ginekologiya və terapevtika kimi sahələrdə dominant mövqeyə malikdirlər.

Lakin səhiyyədə rəhbər vəzifələrdə qadınların təmsilçiliyinin hələlik kifayət qədər olmadığı müşahidə olunur. Xəstəxanaların baş həkimləri və ya səhiyyə idarələrində yüksək rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir. Bununla belə, son illər bu sahədə qadınların icraedici və idarəedici vəzifələrə təyin olunması halları artmaqdadır.

Azərbaycanda siyasətdə gender bərabərliyi məsələsi son illərdə daha çox diqqət mərkəzindədir. Ölkədə qadınların siyasətə cəlb olunması və rəhbər vəzifələrdə təmsilçiliyi istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Məlum olduğu kimi ölkənin Birinci vitse-prezidentinin qadındır və bu fakt Azərbaycanın siyasi rəhbərliyində qadınların iştirakını təsdiq edir. Bu həm də qadın liderliyin güclənməsi və idarəetmədə gender bərabərliyinə verilən önəmi göstərir.

Həmçinin Azərbaycanın qanunverici orqanı olan Milli Məclisin hazırkı sədri qadındır. Bu, qadınların ölkənin siyasi sistemində yüksək mövqelərdə təmsil olunmasının əhəmiyyətli nümunəsidir.

Milli Məclisdə qadın deputatların sayı əvvəlki illərlə müqayisədə artıb. Hazırda parlament üzvlərinin təxminən 18%-ni qadınlar təşkil edir. Bu rəqəm bəzi ölkələrlə müqayisədə aşağı olsa da, Azərbaycanda gender bərabərliyinin inkişafında mühüm addım sayılır.

Bununla belə, hələ ki, qadınların icra hakimiyyətində və nazirliklərdə rəhbər vəzifələrdə təmsil olunması halları az müşahidə olunur. Lakin qadınların ictimai və inzibati sahələrdə fəallığının artırılması istiqamətində işlər davam edir.

Yazını hazırladı: Xalidə GƏRAY

Seçilən
24
musavat.com

1Mənbələr