AZ

Azərbaycanı gözləyən böyük təhlükə: Susuz qala bilərik

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində su qıtlığı problemi Bakıda keçirilən COP29-un da əsas müzakirə mövzularından biridir. Azərbaycan diqqəti şirin su ehtiyatlarının azalmasına yönəltmək, bu istiqamətdə səyləri birləşdirmək üçün bütün ölkələrini ilk Su Bəyannaməsinə qoşulmağa çağırıb. Bu məqsədlə COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Tədbir çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar. Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Qeyd edək ki, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Bu rəqəmlər “Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” adlı hesabatda əksini tapıb. Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon kubmetr təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 faiz ümumi su itkisini göstərir.

Bəs bu problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var? Qurumlar bu barədə nə düşünür?

Vahid idarəetmənin vacibliyi

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən problemli sahələrindən biri də suvarmadır: “Ən böyük problem isə vahid idarəçiliyin olmamasıdır”.

Ş.Nəcəfovun fikrincə, əlimizdə olan sahələri hələ tam suvara bilmirik. Lakin hər il əkin sahələri daha da artır. Bu, su çatışmazlığını yaradan əsas səbəblərdəndir: “Mövcud əkin sahələri davamlı suvarılma potensialına sahib deyil. Davamlı suvarılmada əkinçi istədiyi vaxt sahəsini sulamalıdır. Yağışlar bol olanda birtəhər idarə edə bilirlər. Amma quraqlıq olduqda məhsuldarlıq xeyli aşağı düşür. Bununla belə, örüş sahələri əkin sahələri ilə əvəzlənir”.

Su kanalları beton olmalıdır

Ekspert bildirib ki, davamlı suvarılma imkanı olmadıqda növbəli əkin sistemi tətbiq edilməlidir: “Məsələn, fermer eyni anda 10 hektar sahədə taxıl əkir və oradan 15-20 ton taxıl yığır. Növbəli əkində isə beş hektarı əkir, digər sahəni dincə qoyur. Əkdiyi beş hektardan 25 ton taxıl yığır. Meyvə bağları intensiv sulama-damlama sisteminə keçirilir. Buna dövlət tərəfindən dəstək də verilir. Beləliklə, su itkilərinin qarşısı qismən də olsa alınır. Digər damlama-çiləmə təsərrüfatlarına da dəstək artırılmalıdır. Kanallar betonlaşmalıdır. Çünki torpaq kanallar xeyli miqdarda suyun itirilməsinə səbəb olur. Su kanallarının yalnız 20 faizində betonlaşma həyata keçirilib”.

Seçilən
13
3
publika.az

4Mənbələr