AZ

Paşinyan konstitusiya dəyişikliyindən DANIŞDI: “Azərbaycana belə tələbimiz yoxdur”

“Tarixin gedişatı bir daha göstərdi ki, istənilən situasiya baş verə bilər, lakin baş verənləri obyektiv analiz etdikdə reallıqlar göz önündədir. Fikrimcə, Azərbaycan bu qədər səy göstərərək irəli sürdüyü tələblərdən geri çəkilməməlidir. Əgər sülh danışıqlarında əsas müzakirə bu tələblərdirsə, deməli, onların həyata keçirilməsi zəruridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycana konstitusiya dəyişiklikləri tələbinin olmaması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni nazir sülh müqaviləsi layihəsində razılaşdırılan bəndlə bağlı deyib ki, heç bir tərəf sonradan öz qanunvericiliyinə istinad edərək bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikdən imtina edə bilməz.

Onun sözlərinə görə, müqavilədə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqləyir, bir-birlərinə qarşı ərazi iddialarının olmadığını bəyan edir və gələcəkdə heç bir ərazi iddiası irəli sürməmək öhdəliyi götürürlər.

Məsələnin mahiyyətindən söz açan N. Şəfiyev isə söyləyib ki, bu mövqenin əsas səbəbi illərdir davam edən erməni siyasətinin dəyişməz və təkrar olunan xarakteridir:

“XIX əsrin sonlarından başlayaraq erməni siyasi dairələri öz ideyalarını irəli sürüb və onlardan nadir hallarda, qısa müddətli sapmalar olub. Bunun ardınca isə onlar hər zaman əvvəlki tələblərinə qayıdıblar. Tarixdən xatırlasaq, bu təkrarlanma halını XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, eləcə də sovetləşmə dövründə də müşahidə etmişik. Sovet Azərbaycanı yaradılanda müəyyən ərazi çərçivəsi müəyyən edilmişdi, lakin sonradan həmin ərazilərin böyük hissəsini itirdik. Bu da erməni siyasətinin ardıcıl və planlı şəkildə fəaliyyət göstərdiyini bir daha təsdiqləyir”.

Analitik əmindir ki, sülh müqaviləsi kontekstində bu məsələlərin nəzərə alınması həyati əhəmiyyət daşıyır:

“Hətta sülh müqaviləsi imzalansa belə, gələcəkdə mümkün manipulyasiyalar və siyasi manevrlər üçün hazırlıqlı olmaq lazımdır. Erməni tərəfinin tarixən bu cür addımlar atdığını nəzərə alsaq, Azərbaycanın daim ayıq və diqqətli olması zəruridir. Bu səbəbdən, sülh müqaviləsində Azərbaycanın mövqeyi dəqiq və dəyişməz şəkildə öz əksini tapmalıdır. Ermənistan tərəfinin hər hansı dəyişikliklər etməyə çalışacağı ehtimalına qarşı ciddi tədbirlər nəzərdə tutulmalı və ölkəmizin maraqları qətiyyətlə müdafiə olunmalıdır”.

Rafi Müslümov

Seçilən
15
yenicag.az

1Mənbələr