AZ

Bakıda tarixi qərar verilib: İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq - TƏHLİL

Qlobal dünyanın bu çağırışının Azərbaycanda müzakirə edilməsi və yekun Bəyanatın qəbul edilməsi bir daha ölkəmizin nüfuzunun, hər sahədə zəngin təcrübəsinin, ədaləti və beynəlxalq hüququ müdafiə etməsinin təsdiqi oldu

Azərbaycan dünyanı növbəti dəfə ölkəmizə toplayan beynəlxalq tədbiri başa çatdırdı. Ötən ilin dekabr ayında bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra həm ölkə, həm də dünya mətbuatında geniş müzakirələrə başlanıldı. Bu mühüm qərarı qısqanclıqla qarşılayıb qeyri-ciddi fikirlərlə ictimai fiki çaşdırmağa çalışan dövlətlər də oldu, təqdir edib Azərbaycana dəstəklərini ifadə edənlər də. Belə yanaşmaların olacağı inkaredilməz idi. Dövlətimizin başçısı İlham Əliyev bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində bununla bağlı sualı cavablandırarkən bildirdi ki, çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Biz burada da istədiyimizə nail olduq. Halbuki burada da dırnaqarası ənənəvi dostlarımız bizə əngəl törətməyə çalışırdılar.

Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, mahiyyət nöqteyi-nəzərindən neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir. Çünki bu, bizə irad tutulur və hətta Birləşmiş Ərəb Əmirliklərinə də, ondan əvvəl Misirə də və belə bir irad tutulur ki, neft-qaz hasil edən ölkələrdə bu, üçüncü dəfə baş verir: «Amma buna başqa nöqtədən yanaşmaq lazımdır. Bax, bu ölkələr - neftlə, qazla zəngin olan ölkələr bu prosesin içindədirlər. Onlar ümumi işimizə töhfə vermək istəyirlər. Azərbaycan da, bizdən daha çox Birləşmiş Ərəb Əmirlikləri yaşıl enerji olmadan da rahat enerji təhlükəsizliyini nəinki təmin edir, bir çoxlarının enerji təhlükəsizliyini təmin edir. Amma bu, böyük bir məsuliyyət rəmzidir. Onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq.»

COP dünyanın bir nömrəli beynəlxalq tədbiri, beynəlxalq konfransı, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. «Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, amma COP tədbirində real iş aparılacaq, müzakirələr, müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir.

Dövlətimizn başçısı İlham Əliyevin öncədən verdiyi proqnozların, səsləndirilən fikirlərin hər biri COP29 çərçivəsində keçirilən görüşlərdə, müzakirə olunan məsələlərdə özünün aydın ifadəsini tapdı. COP29-un Liderlər Sammiti, həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirildi, geniş fikir mübadiləsi aparıldı və bu tədbirin tamamilə fərqli bir tədbir olacağı vurğulandı. BMT-nin Baş katibi Antonio Quterreş uğurlu bir COP-a imza atacağımızı bildirdi və belə bir çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir: «Əminəm ki, buna birlikdə nail olacağıq.»

Beləliklə, noyabrın 11-dən 23-dək davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 200-ə yaxın ölkədən 70 mindən artıq qonağı, 80 dövlət başçısını bir araya gətirərək yüksək səviyyədə təşkilatçılığı, gündəmə gətirilən məsələlərin aktuallığı ilə yadda qaldı. COP29 Azərbaycanın, xalqımızın növbəti uğuru oldu. Bu tədbirin nəticələri hər zaman qeyd etdiyimiz kimi, bundan sonra illərlə müzakirə ediləcək, daim nümunə kimi göstəriləcək. Yaşıl dünya naminə həmrəyliyə dəstək olmağa hesablanmış bu tədbir gələcək üçün mühüm çağırışlarla diqqəti özünə yönəltdi.

Tədbirin noyabrın 22-də başa çatdırılması nəzərdə tutulsa da vaxtın bir gün uzadlıması mövzunun aktuallığını, eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycana beynəlxalq baxışın, etimadın yüksək olduğunun nümayiş kimi dəyərləndirilir. BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi, təbii ki, təsadüfi deyil. Cənab İlham Əliyevin hələ COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul ediləndə bu məqsədlə keçirilən müşavirədə belə mühüm addımın atılmasını şərtləndirən amilləri diqqətə çatdırdı. Qeyd etdi ki, biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu amil də xüsusi qeyd edildi ki, COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin önəmi ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.

Cənab İlham Əliyev çıxışlarında bu məqamı da önə çəkdi ki, biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Bu məqsədlər üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Masdar» və Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal yaşıl enerji zonası konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir. Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında da diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin “Masdar” şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Azərbaycan, həmçinin ixrac bazarlarına diqqət yetirir və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq: «Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.»

Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.

Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin prioritetliyi COP29 çərçivəsində keçirilən görüşlərdə geniş müzakirə olundu. COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarının və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verə biləcəyi töhfələr təhlil olundu.

Hər bir uğurumuz möhkəm təmələ əsaslanır. Ölkəmizin enerji diplomatiyasının uğurları malik olduğu enerji resurslarından səmərəli istifadəyə əsaslanır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. COP29 çərçivəsində dövlət başçısı İlham Əliyevin iştirakçı dövlətlərin dövlət başçıları ilə görüşlərində də Azərbaycanın iqtisadi inkişaf strtategiyasının uğurlarına xüsusi diqqət yönəldilərək yaşıl enerjiyə keçid hədəfinə də nail olacağına əminlik ifadə edildi. Cənab İlham Əliyev bir daha bildirdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik. Lakin, eyni zamanda, biz realist olmalıyıq.

2020-ci ildə tarixi Zəfərimiz Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik. Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlı olduğu və bunu atdığı addımları ilə yüksək səviyyədə təsdiqlədiyi COP29-un müzakirələri zamanı xüsusi qeyd edildi. Ölkəmizdə yaşıllıq sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada gördü. İki həftə dünyanın ekoloji mərkəzinə çevrilməklə zəngin məlumatların əldə olunmasına geniş imkanlar yaratdı. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü təsdiqlədi. Dünya Bakıya toplaşaraq bir daha gördü ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və onların dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.

Şanlı Zəfərimizin reallıqları fonunda təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in «Təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr maraq göstərir. COP29 çərçivəsində imzalanan sənədlər də bunun bariz nümunəsidir. COP29 gündəlikdə dayanan bütün məsələlərin, o cümlədən iqlim maliyyələşməsinin əhəmiyyətli dərəcədə təhlilinə geniş imkanlar yaratdı və ümumi mövqenin ortaya qoyulmasını şərtləndirdi. İqlim dəyişikliyi məsələsində dünya liderlərini bir araya gətirən Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi. İqlim maliyyələşməsi mövzusunda mühüm qərarların qəbulu yüksək dəyərləndirilir. Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Ölkəmiz İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı. Prezident İlham Əliyev COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün Bakı 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalayıb. COP29-da qəbul edilən qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olundu, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürüldü.

Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair Bəyanat yaydı. Sənəddə COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı qeyd edilir. O da vurğulanır ki, tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb. Bu qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir. Bəyanatda belə bir əminlik də ifadə olunur ki, biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inkluziv və şəffaf şəkildə işləməyə davam edəcəyik.

Qısa təhlil Azərbaycanın mötəbər tədbirə ev sahibliyinin həm ölkəmizin beynəlxalq nüfuzuna gətirəcəyi əlavələr, eyni zamanda, hazırkı dövrün əsas çağırışı olan iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verəcəyi töhfələrə işıq salır. Bütün hallarda birgə səyəlrin göstərilməsi, təcrübə mübadiləsinin aparılması və vahib mövqe əsasında addımların atılması prioritet məsələ kimi qarşıya qoyuldu. Çıxışlarda bu çağırış diqqətə çatdırıldı ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik. Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə minnətdarlıq ifadə edildi. O da bildirildi ki, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərə və təşkilatlara multilateral yanaşmağa və BMT-yə dəstək göstərməyə çağırış edildi. Bir yerdə planetimizi qorumalıyıq. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq. 

Yeri gəlmişkən qeyd edək ki, Bakıda tarixi qərar verilib. Belə ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Yeganə Əliyeva, "İki sahil"

Seçilən
17
50
ikisahil.az

10Mənbələr