Noyabrın 21-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “30 illik beynəlxalq seçki müşahidəsi: təcrübə və praktiki nəticələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
İştirakçılar arasında MDB Parlamentlərarası Assambleyasına üzv dövlətlərin parlamentlərinin deputatları, beynəlxalq təşkilatların, dövlət orqanlarının nümayəndələri, alimlər və və ekspertlər olub. Konfransda Milli Məclisin deputatı, MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının sədri Nizami Səfərov iştirak etmişdir.
O, çıxışında Azərbaycanda keçirilmiş Prezident və parlament seçkiləri barədə ətraflı məlumat vermişdir, bu mühüm siyasi-hüquqi proseslərin ilk dəfə olaraq dövlətin ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra Azərbaycanın bütün ərazisini əhatə etdiyini xüsusilə vurğulamışdır. Azərbaycanda universal seçki standartlarına tam uyğun şəkildə keçirilən seçkilərdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması diqqətə çatdırıldı.
Xüsusilə qeyd olunub ki, 125 seçki dairəsindən 119 dairə üzrə seçki məntəqələrində veb-kameralar quraşdırılıb ki, bu da həyata keçirilən prosedurların şəffaflığının sübutudur. Çıxışda bəzi beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən seçkilərin monitorinqi prosesində selektiv yanaşmalar və ikili standartların olması diqqətə çəkilib. Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının mühüm rolu qeyd edilib.