AZ

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

Bu barədə Paralel.az a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".

Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".

Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət - özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.

Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

Seçilən
1
41
paralel.az

10Mənbələr