AZ

"Tramp Putinə təsir etmək vasitələrinə malikdir" - ABŞ-ın Ukraynada sabiq səfiri

"Tramp Putinin problem olduğunu anlayarsa, Ukraynaya bütün mümkün olanlarla yardım edəcək..."
 
ABŞ prezident seçkilərində qələbə qazanan Donald Tramp təcavüzkar Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa vadar edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı 2003-2006-cı illərdə sabiq səfiri, ABŞ Atlantika Şurası Avrasiya Mərkəzinin direktoru Con Herbst bəyan edib. Məlumatı "gordonua.ua" nəşri yazıb.
 
"Mən hesab edirəm ki, Trampın Putinə təsir vasitələri var. Məsələ onun bu vasitələrdən istifadə etməyə hazır olmasındadır. Hərçənd, o, buna hazır olduğunu deyib. Digər tərəfdən, Tramp həmçinin ərazi güzəştlərindən danışır. Ona görə də onun öz təsir vasitələrindən istifadə etməklə Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərini tərk etməsinə necə zəmanət verəcəyi aydın deyil", - o, deyib.
 
Sabiq səfir Putinin könüllü olaraq Ukrayna ərazisini tərk edəcəyinə şübhə etdiyini ifadə edib.
 
"Bu, ola bilsin ki, Ukraynanın nəzarətində olan Kursk vilayətinə mübadilə etməklə baş versin", - Herbst variantlardan birini açıqlayıb.
 
O, Co Baydenin Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə verdiyi icazənin Trampın ləğv edə biləcəyi ilə bağlı jurnalistin sualını cavablandırıb.
 
"Hesab edirəm ki, Trampın ABŞ-ın uzaqvuran raketlərindən Ukraynanın istifadə etməsinə qadağa qoyması yanlış olar. Çünki belə qərar Putinə təzyiqi gücləndirmək əvəzinə zəiflədəcək. Bu raketlərdən istifadəyə icazə Rusiyanı məcbur etməyin məhz düzgün üsuludur", - Herbst deyib.
 
Onun fikrincə, Putin "bütün Ukraynanı zəbt etməkdən daha çox onu öz nəzarətinə götürməyə cəhd edir" və prezident Zelenski bunu anlayır.
 
"Mən bu məqamı Trampın anladığını bilmirəm. O, hesab edir ki, Putini inandıra biləcək və onu müharibəni dayandırmağa sövq etməyə cəhd edəcək. Əgər Trampın cəhdi uğursuz olarsa, o, Putinin problem olduğu nəticəsinə gələcək, ona görə də Ukraynaya bütün mümkün olanlarla, o cümlədən silahla kömək etməyə başlayacaq", - Herbst hesab edir.
 
Onun sözlərinə görə, Tramp həm də indi əleyhinə olduğu fikrini- Ukraynanın NATO-ya daxil olması barədə fikrini dəyişə bilər.
 
"Hazırda bu məsələyə 20 il ərzində moratorium qoyulması barədə danışılır. Mən bunu ciddi qəbul edərdim. Amma yenə də Tramp sülhə nail olmaq üzrə əsl səylər göstərərsə və Putinin bunu istəmədiyini anlayarsa, o, bu məsələdə fikrini dəyişə bilər", - o, vurğulayıb.
 
O, istisna etmir ki, Trampın Ukraynada müharibənin nizamlanması üzrə planı "Ukraynanın bir hissəsinin Rusiyanın nəzarətində qalmasından ibarət olacaq, bu da çox həyəcan doğurur".
 
"Lakin, onun vurğuladığı kimi, bu, Ukraynanın sağ qalmasını və onun təhlükəsizliyinə Rusiyanın gələcək hücumlarına qarşı müxtəlif tədbirlər sayəsində zəmanət verəcək. Əgər buna nail olunarsa, bütövlükdə bu variant Ukrayna üçün bəzi xoşagəlməz elementlərlə birgə çox müsbət olacaq", - Herbst deyib.
Seçilən
23
moderator.az

1Mənbələr