AZ

Sonuncu dərs, birinci olmalıdır -AKTUAL

Fiziki tərbiyə dərsləri ilə bağlı xüsusi mexanizm hazırlanmalı, bu fənlərin dərs saatları artırılmalıdır 



  Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi, idman da  öz çiçəklənmə dövrünü yaşayır. Yüksək  səviyyəli idman infrastrukturunun yaradılması və 50-yə yaxın olimpiya idman kompleksinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi bu inkişafın bütün ölkəyə yayılmasını və idmanın kütləviləşməsini istəyir. Paytaxtda və bölgələrdə güclü idman bazaları yaradılır ki, gənclərimiz bu bazalarda idmanla məşğul olaraq sağlam böyüsünlər.
  Araşdırmalara görə, hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir.
Lakin realda məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunublar. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.
  Müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yüklənirlər. Alimlər sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta kiçikyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbatı isə cəmi 15-19 faiz ödənilir.
Bu səbəbdən orta ümumtəhsil məktəblərində bədən tərbiyə dərsləri ilə bağlı ciddi narazılıqlar var. 

  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Sherg.az”a açıqlamasında  deyib ki, təhsil müəssisələrində fiziki tərbiyə təhsilinin tədris vəziyyəti geniş və dərin bir müzakirə mövzusudur. Sektor müdiri hesab edir ki, fiziki tərbiyə fənninin məktəblərdə tədrisi şagirdlərin fiziki, psixoloji və sosial inkişafında mühüm rol oynayır. Bu fənnin doğru tədrisi və inkişafı uşaqların həm sağlamlığını, həm də sosial bacarıqlarını inkişaf etdirir:

“Çox ciddi bir mövzuya toxunmusunuz, buna görə də sizin qəzetə xüsusi təşəkkür edirəm. Məktəblərdə fiziki tərbiyə dərslərinin keçirilməsi kifayət qədər əhəmiyyətli  bir məsələdir. Təəssüf ki, mövcud sistemdə idman təhsilinin yetərli inkişaf etmədiyi nəzərə çarpır və bu sahədə bəzi əhəmiyyətli çatışmazlıqların olduğu görünür. Pərdəarxasında bu dərslərə ikinci-üçüncü dərəcəli kimi  baxırlar. 
  Tədris, uşaqlarımızın zehni, fizioloji və psixoloji inkişafı adına çox vacib məsələ olmasına rəğmən həddindən artıq kölgədə qalan, zaman-zaman toxunulsa da üstündən səthi  keçilən bir problemdir. Bu da məyusedici bir haldır. Biz məktəblərdəki fiziki tərbiyə dərslərinə heç zaman dırnaqarası baxmamalıyıq. Fiziki tərbiyə dərsi idman dərsi deyil ki, karate, boks, güləş, kikboks kimi idman növləri öyrədilsin. Fiziki tərbiyə  uşaqların fizioloji sağlamlığından əlavə zehni  inkişafına təsir edən bir mexanizmdir. Bu fənni tədris edən müəllimlər bütün bu detalları əzbər bilməlidirlər. Bir uşağın dərs götürümü, yaddaşı, analizetmə qabiliyyəti onun fizioloji və zehni qabiliyyətindən asılıdır”.
 
 Tədqiqatçının sözlərinə görə, məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər vərdiş formalaşdırır, hərəkət aparatını inkişaf etdirir: 
“Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. İnsanın onurğa beyni ilə baş beyin arasındakı əlaqələrin düzgün qurulmasına gətirib çıxarır. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir.
  Bu imkanlara sahib uşaqlar isə zehnli və savadlı  olurlar. Amma kimə deyirsən!?  Orta ümumtəhsil məktəblərində  fiziki tərbiyə dərslərinə laqeyd yanaşma sərgilənir. Dərsi tədris edən müəllimlərin bilik və bacarıqları, nəzəri və praktiki hazırlıqları hansı səviyyədədir. Bunun özü belə ayrıca bir müzakirə mövzusudur. Müşahidələrimə əsasən, bu fənni tədris edən müəllimlərdən xeyli narazılıqlar var. Əlbəttə ki, istisnalar yox deyil. Lakin əksər hallarda bu fənni tədris edən müəllimlər uşaqların əlinə topu verib, vaxt öldürürlər. Hesab edirəm ki, orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri ilə bağlı ayrıca bir tövsiyə sənədi hazırlanmalıdır.   
  Elm və Təhsil Nazirliyi məhz fiziki tərbiyə dərsləri ilə bağlı xüsusi mexanizm sənədi hazırlamalı, bu fənlərin dərs saatları  artırılmalıdır. Dərs  saatlarına xüsusi diqqət ayrılmalıdır. Əksər məktəblərdə fiziki tərbiyə axırıncı dərs saatına salınır. Bu da uşaqların yorğun və yuxulu olduğu dövrə təsadüf edir. Gözündən yuxu tökülən, zehni cəhətdən tükənmiş olan şagirdlərin fiziki tərbiyə dərsinə can atması, aktivlik göstərməsi isə real deyil. Dərslərin ilk saatlarda başlamasını da problem edirlər ki, uşaqlar tərləyir və tərli-tərli 5 saat digər dərslərdə oturan uşaq xəstələnir. Yaxşı, deyək ki, haqlı səbəbləri var. Lakin bunun bir orta yolu tapılmalıdır. Şagirdlər dərslərdə tərli-tərli oturmasın deyə fiziki tərbiyə dərslərini lazımsız bir fənn kimi sonuncu saata saxlamaq da  məntiqli yanaşma deyil axı!? Məgər, fiziki tərbiyə sonuncu dərs kimi keçiriləndə  tərləyən uşaq evə gedəndə xəstələnməyəcək?      
Ona görə deyirəm ki, aidiyyəti qurum xüsusi tövsiyə sənədi hazırlamalı və düzgün mexanizm tətbiq etməlidir. Biz bu fənnin tədrisinin şagirdlərin fiziki və psixoloji inkişafı üçün vacibliyini mütləq əsaslandırmalıyıq”.
Seçilən
32
sherg.az

1Mənbələr