“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, İngiltərə çempionatı klublarının əksəriyyəti liqanın maliyyə qaydalarının 115 pozuntusu ilə bağlı iddialar fonunda “şəhərlilər”in Premyer Liqadan qovulmasını istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı insanların 75 faizinin bunu istədiyini bildirib:
“Mən artıq 115 ittihamla bağlı “bax və gözlə” dedim. Amma insanlar deyir ki, “Mançester Siti” dərhal liqadan qovulmalıdır.
Sanki Premyer Liqa klublarının 75 faizi bunu istəyir. Mən onların pərdə arxasında nə etdiklərini bilirəm, amma bu barədə düşünmürəm”.
Premyer Liqa rəhbərliyi ötən ilin fevralında “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham edib.
Bu iş üzrə dinləmələr sentyabrda başlayıb və qərar gələn ilin yazında verilməlidir.