Oyunsonrası mətbuat konfransında bəlli oldu ki, "dənizçilər" sözün əsl mənasında yeni dönəmə qədəm qoyub. Ona görə ki, Cavid bəy məğlubiyyəti xeyli məqamla əlaqələndirdi. Diqqəti çəkən isə komandanın fiziki hazırlığıyla bağlı fikirləri oldu:
"Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündü burdayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək".
Maraqlıdı ki, sabiq baş məşqçi Şahin Diniyev kollektivi yeni mövsümdə meydana çıxardığı 12 matçın heç birində fiziki hazırlıqdan şikayətlənməyib. Bunu dəqiqləşdirmək üçün mütəxəssisin sözügedən qarşılaşmalardan sonra keçirilən mətbuat konfranslarında səsləndirdiyi fikirlərə göz gəzdirdik. Məlum oldu ki, zənnimizdə haqlıyıq. Əvvəlki baş məşqçi məhz fiziki hazırlıqla bağlı, sadəcə, ilk turda narazılıq edib ki, bu da Fərid Nəbiyevlə əlaqədar olub. Qalan çatışmazlıqlar isə cərimə zərbələrinin düzgün yetinə yetirilməməsi, autlardan lazımi səviyyədə istifadə edilməməsi, standart vəziyyətlər zamanı topla davranış və klubun maliyyəsiylə bağlıdı. O, bunlara rəğmən, komandasının potensialına və əzmkarlığına inandığını bildirib.
Qısası, məhz Cavid bəyin fikrini təsdiqləyən cümlələrə rast gəlmədik. Görünür, ya Diniyev ciddi problemləri ictimaiyyətdən gizlədib, ya da Hüseynov uğursuz debütünün günahını başqasının boynuna qoymaq istəyir.
Təbii ki, bu haqda Şahin bəyin fikirlərini öyrənməyə çalışmasaq, ədalətsizlik olardı. Odu ki, "Football-plus.az" mütəxəssislə əlaqə saxladı və əvvəlcədən təxmin etdiyi cavabı eşitdi:
"Bu barədə danışmaq istəmirəm".
KƏNAN BAHADIR