Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.
Moderator.az xəbər verir ki, işin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə “təhqir” və “böhtan” kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan Respublikasının ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.
Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib. Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.
Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib.
Ali Məhkəmənin mövqeyi:
Qanunvericiliklə şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.
Odur ki, Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.