AZ

Dünya ikincisi “Qarabağ”: Yalnız “Penyarol”dan geridə

Dünya ölkələrinin milli çempionatlarında davam edən quru seriyalar açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Ağdam klubu Misli Premyer Liqasındakı son 6 oyunda qapısını toxunulmaz saxlayıb. Qurban Qurbanovun komandası sonuncu dəfə sentyabrın 29-da qol buraxıb.

“Sabah”la ev oyunundakı 3:2 hesablı qələbədən sonra ağdamlılar 57 gündür müdafiədə etibarlılıq nümayiş etdirirlər. Bu uğurlu seriya “Sumqayıt” (1:0), “Kəpəz” (5:0), “Şamaxı” (3:0), “Turan Tovuz” (0:0), “Zirə” (4:0) və “Səbail”lə (3:0) qarşılaşmaları əhatə edir.

Pavol Şafrankonun VIII turun 51-ci dəqiqəsindəki qolundan sonra qapısını “kilidləyən” “Qarabağ”ın quru seriyası 579 dəqiqəyə çatıb. Bu müddətdə Mateuş Koxalski 4, Fabiyan Buntiç 2 quru oyuna çıxıb. Elə sonuncu qolu da xorvat qapıçı buraxıb.

“Qarabağ” yüksək dəstə klubları arasında dünya ikincisidir. Yalnız “Penyaral” Uruqvay çempionatındakı son 7 görüşdə qapısından qol buraxmayıb. “Qoyas”ın 7 oyunluq seriyası isə Braziliyanın aşağı liqalarına təsadüf edir.

Avropada ən yaxşı olan “Qarabağ”la eyni göstəriciyə malik komandalar da aşağı dəstə təmsilçiləridir. İrkutsk “Zenit”i Rusiyada, “Malaqa” İspaniyada son 6 matçda qapısında qol görməyib.

Qeyd edək ki, “Qarabağ” növbəti çempionat oyununda “Neftçi” ilə qarşılaşacaq. “Neftçi Arena”dakı matç dekabrın 1-də keçiriləcək.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr