Prezident İlham Əliyev: "Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib"
Azərbaycanın bütün bölgələri, şəhər və kəndləri, qəsəbələri kimi Sumqayıt şəhəri də yeni inkişaf dövrünü yaşayır. Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib. Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Sumqayıtın inkişafında da müstəsna əhəmiyyət daşıyır.
Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər olan Sumqayıt yarandığı dövrdən etibarən, müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir. Özünəməxsus inkişaf yolu keçən Sumqayıt şəhəri yarandığı zamandan inkişaf mərhələləri keçmişdir. 1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib. Tez bir zamanda Sumqayıt Alüminyum zavodu, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir. Burada Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanılıb. Bir-birinin ardınca yeni müəssisələr - kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
CƏNUBİ QAFQAZIN SƏNAYE MƏRKƏZİ
Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir. Ümummilli Liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynamışdır. Ulu Öndərin sovet hakimiyyəti illərində ölkəyə rəhbərlik etdiyi illərdə bu şəhərdə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Ötən əsrin 70-ci illərinin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatı ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, "Superfosfat" zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə "Üzvi sintez" zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. Daha sonra Kompressorlar zavodu, Üst trikotaj və Xovlu İplik fabrikləri, Süd və Yeyinti məhsulları kombinatları istifadəyə verildi. Bir-birinin ardınca istifadəyə verilən müəssəsələr bu gənc şəhərin inkişafında mühüm rol oynadı.
"SUMQAYIT TARİXƏN KİMYAÇILAR ŞƏHƏRİ KİMİ SALINMIŞDIR"
Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynadı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunur.
Prezident Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur: "Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib".
Son illərdə gücü 525 MVt olan Elektrik stansiyası, "Sumqayıt-3" yarımstansiyası tikilmiş, "Azərkimya" İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex" Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida" Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq"in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan" Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil" MMC-nin uniformalar istehsalı fabriki və s. müəssisələr yaradılmışdır. Bu siyahını görülən işlərin məntiqi olaraq artırmaq olar. Bu və ya digər müəssisələrin istifadəyə verilməsi şəhərin inkişafının göstəriciləridir.
Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan "Sumqayıt" Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı inkişaf edən Sumqayıta töhfə oldu. Vurğulamaq yerinə düşər ki, dövlət başçısının tapşırığına əsasən, 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilmiş və proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Sumqayıt Məhkəmə Kompleksinin açılışı da şəhərdə görülən işlər sırasındadır. Öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir.
ŞƏHƏRİN İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ HƏYATINDA XİDMƏTLƏRİ OLAN ŞƏXSLƏR DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMI İLƏ TƏLTİF OLUNUBLAR
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə islahatlar daha da dərinləşib. Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı da böyük əhəmiyyət kəsb edir. Son illərdə ölkəmizdə ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı xarakter alıb və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ölkəmizin hər bir yerində müasir tipli təhsil müəssisələri şagirdlərin ixtiyarına verilir. Bu, Sumqayıt şəhərindən də yan keçməyib. Heydər Əliyev Fondu tərəfindən burada 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəb inşa olunub. Təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Əlbəttə ki, yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir.
Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi Sumqayıtda yeni ab-hava yaradıb. Son illərdə Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, mədəniyyət və elm müəssisələrini fəaliyyətə başlaması şəhərin uğurlu inkişafına yollar açıb və müasirləşən, inkişaf edən şəhərə çevirib.
Bu gün Sumqayıt şəhəri 75 yaşını qeyd edir. Sumqayıt şəhərinin 75 illiyi münasibətilə şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni və "Tərəqqi" medalları ilə təltif olunublar.
Özünün inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Nəzakət ƏLƏDDİNQIZI