AZ

Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var -TƏHLİL

COP29 çərçivəsində olduqca mühüm məsələlər ətrafında müzakirələr aparıldı

Bakıda reallaşan konfranslar gələcəkdə iqlim dəyişmələri ilə mübarizə istiqamətində daha çox vəsaitin səfərbər olunmasına imkan yaradacaq


Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirildi və mühüm qərarlar qəbul olundu. COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirdi. COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq edildi. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Sözügedən məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi və bu, Tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır. Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Altıncı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq. Qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulub. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir. Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur. Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb. Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır. Plenar iclasda, eyni zamanda, “Gender və iqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib. Sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da önəmli qərarların qəbul olunduğunu, bununla belə qarşıda xeyli görülməli işlərin dayandığını diqqətə çatdırıb. O, COP29-da iqlim maliyyə hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu deyib. Saymon Stil təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra COP29-da qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib. COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb. Plenar iclas işini müxtəlif ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirib ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu: "Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. "Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi". Ölkə rəhbəri qeyd edib ki, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq: "Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm".

 Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, ölkəmiz növbəti dəfə olduqca mötəbər, bəşəriyyət üçün çox böyük əhəmiyyət kəsb edən bir tədbirə uğurla ev sahibliyi etdi. E.Mirbəşiroğlu vurğulayıb ki, yaxşı xatırlayırıq ki, COP 29 konfransının ölkəmizdə keçirilməsi ərəfəsində də Azərbaycana qarşı əsassız və konfransla heç bir əlaqəsi olmayan ittihamlar irəli sürülürdü: 

"Bu da hər şeydən öncə o təəssüratları formalaşdırırdı ki, Azərbaycanın uğurları bəlli dairələr tərəfindən həzm edilmir. Heç bir əsas olmadan ölkəmizin üzərinə sistemli hücumlar təşkil edilirdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan çox böyük uğurla, ən yüksək tələblərə cavab verəcək şəraitdə COP29 konfransını başlatdı. Son konfrans çərçivəsində olduqca mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Yaşıl enerji sahəsinin inkişaf etdirilməsi istiqamətində hesab edirəm ki, əməkdaşlıq elementlərinin formalaşması gələcəkdə çox uğurlu nəticələri şərtləndirəcək. Ayrıca olaraq Azərbaycanın yaşıl enerji sahəsinin inkişafına çox böyük dəstək olacaq".

Professor qeyd edib ki, konfransın yekunu olaraq çox mühüm qərarlar qəbul olundu: 
"Ən əsası isə dünya dövlətləri iqlim dəyişmələri ilə mübarizə istiqamətində daha çox resurslarını səfərbər edəcəklər. Bu nədən xəbər verir? Bu, hər şeydən öncə ondan xəbər verir ki, Azərbaycan iqlim dəyişmələrinin dünya üçün nə dərəcədə ciddi təhdidlər yaratdığını konfrans çərçivəsində ölkələrin nəzərinə çatdıra bildi. Bu, çox vacib məsələdir. Bunu ölkə Prezidenti cənab İlham Əliyev çıxışında da vurğuladı. Ayrıca olaraq digər müzakirələr müstəvisində də sözügedən istiqamətdə fikir mübadilələri həyata keçirildi. Bildiyimiz kimi inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 100  milyard dollar vəsaiti iqlim dəyişmələri ilə mübarizə istiqamətinə yönəldirdilər. Bu rəqəmin 2035-ci ilə qədər 300 milyard dollara çatdırılması qərara alındı. Bir sıra ölkələrin, elə Amerika Birləşmiş Ştatlarının və digər ölkələrin bu iqlim dəyişmələri istiqamətində mübarizə məsuliyyətindən yaxalarını kənara çəkmək cəhdləri növbəti dəfə onların bir daha mahiyyətini ortaya qoydu. Onsuz da hər zaman müşahidə edirdik ki, bəşəriyyətin taleyi bir sıra ölkələr üçün maraqlı deyil. Bu ölkələrin ətraf mühitə, ekologiya və nəhayətdə iqlim dəyişmələrini şərtləndirəcək istiqamətdə zərərli fəaliyyətləri mövcuddur. Azərbaycanı əsassız ittiham edirlər. Amma bu ölkələrin özləri karbohidrogen ehtiyatlarının hasilatı, istifadəsi miqyasına görə Azərbaycandan qat-qat çox göstəricilərə sahibdirlər. Müvafiq olaraq da onlar iqlimə, daha ciddi ətraf mühitə zərərlər vururlar. Onların sənayesi iqlim dəyişmələrini şərtləndirən amillərdəndir. Bu baxımdan, onların məsuliyyətdən özlərini kənarda saxlamaq cəhdləri bütövlükdə Azərbaycanın və bizim mövqeyimizi dəstəkləyən dost dövlətlərin iqlim dəyişmələri istiqamətində səmimi istəyinin qarşısında onların sadəcə olaraq ritorik mövqelərini ortaya qoymuş oldu. Əsasən Qərb dairələrinin iqlim dəyişmələri ilə bağlı həyəcan təbillərini görmüşük. Amma bu istiqamətdə onların əməli fəaliyyəti yoxdur".

Elşad Mirbəşiroğlu bəyan edib ki, iqlim dəyişmələri ilə mübarizə istiqamətində biz onların əməli fəaliyyətini təəssüf ki, görməmişik:
 "Amma Azərbaycan bu gün yaşıl enerji sahəsini çox uğurla inkişaf etdirməkdədir. İqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanın işlək təşəbbüsləri mövcuddur. Hesab edirəm ki, COP29-un Bakıda keçirilən konfransı gələcəkdə iqlim dəyişmələri ilə mübarizə istiqamətində daha çox vəsaitin səfərbər olunmasına imkan yaradacaq. Bu da bəşəriyyəti təhlükədən qorumaq üçün təsirli amil rolunda çıxış edəcək".

Seçilən
19
sherg.az

1Mənbələr