Gürcüstanda prezident seçkilərinin tarixini parlament sabah, noyabrın 26-da təyin edəcək.
Parlamentin spikeri Şalva Papuaşvilinin deyib ki, dövlət başçısı 2024-cü ildə seçilməlidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, seçkilər 2025-ci ilin yanvarında keçirilə bilər.
“Sabah parlament prezident seçkilərinin vaxtını təyin edəcək. Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Biz prezidenti beş il müddətinə seçməliyik. Ona görə də prezidentin beş il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Ona görə də biz bu tarixi sabah təyin edəcəyik”, – deyə Papuaşvili bildirib.
Hazırkı dövlət başçısı Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə altı il müddətinə seçilib. Gürcüstan Konstitusiyasına görə, hazırkı parlamentli respublikada prezidenti parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası seçəcək.
Salome Zurabişvili etiraf edib ki, Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizəd ola bilər. Eyni zamanda, o, yenidən prezident seçilməsini oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri ilə əlaqələndirib. Belə ki, seçkilərdə hakim “Gürcü arzusu” (54%) qalib gəlib, dörd müxalifətin Avropayönlü koalisiyaları birlikdə səslərin təxminən 38%-ni toplayıb. Müxalifət nəticələri tanımayıb.
//Samir Qurbanov, Editor.az