SW AFEZCO və Modern Construction Group arasında mühüm layihələndirmə və tikinti saziş imzalanıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Müasir tələblərə cavab verən bu layihə Azərbaycanın logistika və yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyini vurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.
Modern Construction Group Silk Way Cargo Village karqo kəndinin bir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisini həyata keçirəcək: yük terminalı, Silk Way ofis binası və ekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi. Saziş bu obyektlərin yaşıl və dayanıqlı infrastrukturun beynəlxalq standartlarına uyğun şəkildə inşa edilməsini təmin edir.
Layihə SW AFEZCO-nun aviasiya və logistika sahələrində innovativ və effektiv həlləri təşviq etməyə, dayanıqlı inkişafı dəstəkləməyə və regionlar arasında əlaqələri möhkəmləndirməyə yönəlmiş səylərini əks etdirir.
"Bu razılaşma Azərbaycanın aparıcı qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsi istiqamətində dönüş nöqtəsi hesab oluna bilər," – deyə SW AFEZCO-nun baş direktoru Cavad Dbila qeyd edib. "Tam avtomatlaşdırılmış 30000 m2 sahəli Xəzər dənizi regionunun ən böyük yük terminalı dayanıqlı inşaat sahəsində yeni standartlar müəyyən edəcək və Avropa ilə Asiya arasındakı ticarət əlaqələrini gücləndirərək Azərbaycanın qlobal logistika şəbəkəsindəki strateji mövqeyini təsdiq edəcək".
Öz növbəsində, Modern Construction Group-un direktoru Arif Quliyev Silk Way AFEZCO ilə bu əhəmiyyətli layihədə əməkdaşlığı böyük şərəf adlandırıb: “Mürəkkəb infrastruktur layihələrinin icrasındakı təcrübəmiz Silk Way Cargo Village karqo kəndinin Azərbaycanın logistika ekosisteminin əsas elementi olmasını təmin edəcək".
Layihənin 2026-cı ilin iyul ayına qədər tamamlanması planlaşdırılır və bu, beynəlxalq ticarət əlaqələrinin inkişafında AFEZ-in strateji əhəmiyyətini daha da artıracaq.