AZ

Moskvada İkinci Dünya müharibəsi qəhrəmanının xatirəsi anılıb 

Yazını böyüt
Yazını kiçilt

Rusiya paytaxtının Azərbaycan diasporunun nümayəndələri - Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov və onun müavini Qaşım Əliyev 1943-cü ildə Belarus torpaqlarında faşist işğalçıları ilə döyüşlərdə həlak olmuş həmyerlimiz Zəfər Qədimovun məzarını ziyarət ediblər.

Zəfər Qədimov Belarusun Qrodno vilayətinin Mostovski rayonunun Kuriloviç kənd sovetinin Dubrovka kəndi yaxınlığındakı partizan qəbiristanlığında dəfn edilib. Burada 1943-1944-cü illərdə faşist işğalçılarına qarşı döyüşlərdə həlak olan daha 40 partizan, 2 Qızıl ordu əsgəri və 1943-1944-cü illərdə faşistlər tərəfindən işgəncələrə məruz qalan 20 dinc sakin dəfn edilib.

Qonaqları Mostovski Rayon İcraiyyə Komitəsinin sədr müavini Marina Davıdik müşayiət edib. Nümayəndə heyəti məzarı üzərinə əklil və gül dəstələri qoyub, igid döyüşçünün xatirəsini ehtiramla yad ediblər.

Qəhrəmanın məzarı önündə çıxış edən B.Həsənov İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsinə göstərdiyi diqqətə görə Belarus xalqına minnətdarlığını bildirib. “Biz fəxr edirik ki, faşizmə qarşı cəsarətlə və fədakarlıqla mübarizə aparan belə qəhrəmanlarımız var. Həmin dəhşətli illərdə babalarımız birləşərək qlobal şərlə mübarizə apardılar. Səfərimizin məqsədi həmyerlimizin xatirəsini ehtiramla yad etmək və gənc nəslə əsgərlərin qəhrəmanlığından bəhs etməkdir”, - deyə Moskva diasporunun rəhbəri iştirakçılara müraciət edib.

O, həmçinin bildirib ki, Böyük Qələbənin 80 illiyi ilə bağlı Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti bir neçə layihə hazırlayır. Bunlardan biri də “Faşizm üzərində Qələbədə Bakı neftinin və Azərbaycan xalqının rolu” kitabının nəşridir. Bu nəşrdə adları o qədər də tez-tez eşidilməyən, lakin xatirəsi doğmalarının, dostlarının, həmvətənlərinin qəlbində əbədi olaraq yaşayan qəhrəmanlara xüsusi yer ayrılacaq. Həmin qəhrəmanlardan biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndindən olan Zəfər Qədimovdur.

Qeyd edək ki, diaspor nümayəndələri ilə birlikdə cəsur döyüşçünün nəvəsi Kamal Sadıxzadə də Mostovşinada olub.

Zəfər Qədimovun atası və babası da İkinci Dünya müharibəsinin iştirakçısı olublar, onun qardaşı Sultan isə müharibənin birinci ayında Krımda həlak olub. Ailəsi Zəfərin dəfn edildiyi yer haqqında mükafat siyahısından öyrənib: “Pobeda” partizan dəstəsinin 22 yaşlı igid döyüşçüsü, kiçik çavuş Qədimov Zəfər Məmməd oğlu ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Cəsarətli əsgərin xatirəsi bu abidəni himayə edən Ozerkovskaya orta məktəbinin pionerləri tərəfindən də ehtiramla yad edilib.

Kiçik serjant Zəfər Qədimov 1942-ci il iyunun 28-də Zelvenski, Slonimski, Mostovski və Dyatlovski rayonlarında fəaliyyət göstərən “Pobeda” partizan dəstəsinə daxil olur. Bu əraziyə yollanan qəhrəman döyüşçü müharibənin əvvəlində mühasirəyə alınan və ya geri çəkilən yüzlərlə Qızıl ordu əsgəri ilə eyni şəraitdə partizan dəstəsinin üzvü olub. Partizanlar azərbaycanlı dostlarını Belarus təbirində - Zaxara deyə çağırırdılar. O, bir il ərzində dəstənin tərkibində cəsarətlə döyüşüb, taqım komandiri olub. 1942-ci ilin noyabrında Kozloviçi kəndi yaxınlığında pusquda olarkən Zəfər düşmənin maşınını sıradan çıxarır və içindəki zabiti öldürərək mühüm məxfi sənədləri qərargaha çatdırır.

O, 1942-ci ilin dekabrında Dereçin kəndi uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib, burada Zelva stansiyası ilə rabitə xəttini kəsib və üç faşisti zərərsizləşdirib, habelə bir xaini əsir götürərək dəstəyə təslim edib.

1943-cü ilin fevral-mart aylarında Zəfər Qədimovun bölməsi düşmənin 5 qatarını relsdən çıxarıb, onlardan birini şəxsən özü partladıb. Dəstənin döyüş fəaliyyəti nəticəsində 2 kilometrdən artıq rabitə xətti, 4 lokomotiv, 60 vaqon sıradan çıxarılıb, 900-ə qədər faşist öldürülüb və yaralanıb.

Kiçik serjant Zəfər Məmməd oğlu Qədimov 1943-cü il iyunun 25-də Zelvenski rayonunun Ostrovo kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Seçilən
9
hafta.az

1Mənbələr