Tədbirdə, həmçinin ZFC tərəfindən Grappling döyüş növü üzrə Qazaxıstanda keçirilən dünya çempionatında yer tutan idmançılar mükafatlandırılıb!
24 noyabr 2024-cü il tarixində Bakı İdman Sarayında Zeyd Döyüş Mərkəzinin (Zeyd Fight Center-ZFC) geniş tərkibdə iclası keçirilib. İclasda ZFC-nin idarə heyyətinin üzvləri, MMA və digər döyüş növləri üzrə klub rəhbərləri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak edib.
Zeyd Döyüş Mərkəzinin prezidenti Vüqar Tağıyev çıxış edərək rəhbərlik etdiyi qurumun məqam və məqsədləri barədə qısa məlumat verib.
Azərbaycan MMA və Grappling Federasiyasının(AMMAGF) prezidenti Azad Əsgərov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ortaya çıxan problemlərdən, Zeyd Döyüş Mərkəzi ilə əməkdaşlıq planlarından danışıb. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zeyd Döyüş Mərkəzinə fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Zeyd Döyüş Mərkəzi ilə MMA Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki qurum MMA döyüş növünün inkişafı, uşaqların, yeniyetmə və gənclərin idmana cəlb edilməsi, yerli və beynəlxalq yarışların təşkili və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq əsasında fəaliyyət göstərəcəklər.
Anlaşma Memorandumunun imzalanmasından sonra Qazaxıstanın paytaxtı Astanada keçirilən Grappling döyüş növü üzrə Dünya Çempionatında ölkəmizi təmsil edərək yüksək nailiyətlər qazanan idmançılar Zeyd Döyüş Mərkəzinin rəhbəri Vüqar Tağıyev tərəfindən mükafatlandırılıblar.
Tədbirin davamında perspektiv planlar, yeni təkliflər,ortaya çıxan problemlər müzakirə olunub, Federasiya və Mərkəzin rəhbərliyi tərəfindən məşqçilərin və idmançıların sualları cavablandırılıb.
Sonda ZFC-nin 2025-ci il üçün görəcəyi tədbirlər üzrə təqvim planı elan olunub. ZFC-sinin rəhbəri Vüqar Tağıyevin sözlərinə görə, may ayına qədər iki yarışın keçirilmesi nezerde tutulub .O cümlədən 14–16 fevral 2025-ci il tarixlərində ZFC-nin ilk açıq çempionatı keçirilmesi elan olunub. Bu məqsədlə ZFC-nin prizdenti Vüqar Tağıyev tərəfindən təşkilat komitəsi yaradılıb . Komitəyə ZFC-nin 1-ci vitse-prezidenti Y.Hüseynov rəhbər teyin olunub.