Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk dünyasının tanınmış vətənpərvər şairəsi Xuraman Muradova bu gün Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Aşrafxanovun qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı iki ölkə arasında ədəbiyyat və mədəniyyət sahələrində əlaqələrdən söz açılıb.
Səfir Bahrom Aşrafxanov bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, ədəbi-mədəni müstəvidə birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmindən, Xuraman Muradovanın timsalında Türk dünyası sevdalısı olan ziyalılarımızın bu şərəfli işdə, ölkələrimiz arasında mənəvi körpü olmaqda xidmətlərini vurğulayıb.
Xuraman Muradovanın şeirlərində Özbəkistan-Azərbaycan qardaşlığına böyük önəm verdiyini vurğulayan səfir bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev özü də şeir, sənət sevdalı insandır və bu şeirlər də ölkələrimiz və dövlət başçılarımız arasındakı qardaş və doğma münasibətin bariz nümunəsidir.
Xuraman Muradova öz növbəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərəfli ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” kitabını səfirə təqdim edib.
Bahrom Aşrafxanov şairəni bu yaxınlarda Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi münasibətilə təbrik edib.
“Özbəkistanım mənim, Sən də Ana Vətənim!”, “Salam Sənə Özbəkistan”, “Turan sevdalıları”, “Səmərqəndin ulduzları” şeirlərində Özbəkistanı diyar-diyar canlandıran şairənin poetik məharətinə heyran qalan səfir ona yaradıcılıq yolunda böyük uğurlar arzulayıb.