AZ

Şimali Koreyanın ballistik raketləri Qərb komponentləri ilə dəstləşdirilib

Şimali Koreyanın KN-23 ballistik raketlərində Qərb istehsalı komponentlərin əhəmiyyətli bir hissəsi aşkar edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi rəsmi “Telegram” səhifəsində məlumat yayıb.

Ukrayna MN KBİ məlumatına görə, Rusiya Ukrayna ərazisinə zərbələr endirmək üçün fəal şəkildə istifadə olunan 100-ə yaxın KN-23 ballistik raketləri alıb.

Raketlərin aktiv istifadəsi sayəsində mütəxəssislər sağ qalan komponentlərin əhəmiyyətli hissəsini toplaya biliblər ki, bu da onların əksəriyyətinin ABŞ, Avropa və Asiya şirkətləri tərəfindən istehsal olunan hissələr olduğunu göstərir.

Raketlərdə istifadə olunan komponentlərin əksəriyyəti hərbi məhsul deyil və dünyanın əksər ölkələrinə sərbəst ixrac oluna bilir ki, oradan da onları Şimali Koreyalı mütəxəssislər əldə edə bilirlər. KN-23 raketində tapılan sənədləşdirilmiş komponentlərin 75%-i ABŞ-də, 16%-i Avropada, qalan 9%-i isə Asiyada qeydiyyatdan keçmiş şirkətlərlə bağlıdır.

Bu, KXDR-nin Qərb mülki komponentlərindən əhəmiyyətli dərəcədə asılılığını göstərir ki, nəticə məmulatın keyfiyyətinə və onun texniki imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərir. Nümunə üçün qeyd edilir ki, KN-23 ballistik raketlərindən birində raketin sükan sükanlarınl döndərmək üçün istifadə edilən və həm temperatur, həm də təzyiq baxımından böyük yüklənmələr üçün nəzərdə tutulmayan avtomobil podşipnikləri tapılıb. Bu podşipniklər SNR, NTN, NSK kimi Yaponiya şirkətləri tərəfindən istehsal olunur və Yaponiya istehsalı olan avtomobillərdə geniş istifadə olunur.

“Conflict Armament Research” (CAR) analitikləri müəyyən ediblər ki, Şimali Koreya tərəfindən istehsal edilən və Rusiya hərbçiləri tərəfindən 2024-cü ilin yanvarında Xarkova buraxılan KN-23 ballistik raketində 290-dan çox xarici istehsal elektron komponent var. CAR 50 unikal model daxil olmaqla 290-dan çox komponenti sənədləşdirib. Bu komponentlərdəki işarələrdən və markalanmalardan CAR bu komponentlərin istehsalı ilə məşğul olan səkkiz ölkədə (Çin, Almaniya, Yaponiya, Niderland, Sinqapur, İsveçrə, Tayvan və ABŞ) yerləşən 26 şirkəti müəyyən edib. Bu yaxınlarda Ukrayna KİV-i Rusiyanın 2024-cü ildə Ukraynaya hücum etdiyi ballistik raketlərin təxminən üçdə birinin KXDR tərəfindən istehsal olunan KN-23 ballistik raketləri olduğunu yazıb. Bildirilir ki, 2024-cü il ərzində Rusiya Şimali Koreyanın 60-a yaxın raketindən istifadə edib. Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, 2024-cü ildə (23 noyabr tarixinə) istifadə edilən 194 ballistik raketin demək olar ki, üçdə biridir.

KN-23 bərk yanacaqlı taktiki ballistik raketdir. KN-23 xarici görünüşcə Rusiyanın 9K720 “İsgəndər-M” ƏTRK-inə bənzəyir, lakin o, uzadılmış kabel kanalı, fərqli reaktiv qanad ötürücüləri və hamar bünövrəsi ilə seçilir. “İsgəndər-M” raketi kimi, o, təxminən 50 km yüksəklikdən aşağıya doğru düzələrək kvaziballistik trayektoriyada uçur. Belə trayektoriya uçuş müddətini qısaltmağa, bəzi radarların nəzərindən kənarda uçmağa və manevr etməyə imkan verir.

Raketin ümumi kütləsi 3415 kq, yanacağın kütləsi isə 2530kq-dır. Onun 500 kq döyüş başlığı ilə təxminən 450 km (müxtəlif mənbələrə əsasən 400-600 km) uçuş məsafəsinə malik olduğu güman edilir, lakin azaldılmış faydalı yüklə uçuş məsafəsini 690 km-ə qədər genişləndirmək mümkündür. Döyüş başlığı adi, ehtimal ki, unitar və ya subelementli (altsursatlı), yaxud nüvə ola bilər.

KN-23 raketinin aktiv sükan idarəetməsi onu GPS idarəetmə ilə 100 metrə və ya yalnız INS istifadə edərək 200 metrə qədər dairəvi sapma ehtimalı ilə zərbə endirməyə imkan verir. Raket təkərli nəqletmə-buraxma qurğusundan buraxılır.

Əhəd Vahidoğlu

Seçilən
11
2
poliqon.az

3Mənbələr