AZ

Pilləkəndən atdılar, sarımsaqəzən və boru ilə öldürdülər – dəhşətli cinayətin TƏFƏRRÜATI


“Nicata deyib ki, “Sənin saxladığın bu pozğun gündə bir kişi ilə görüşür”.

News24.az bildirir ki, Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında qeyri-rəsmi yaşadığı Nicat Qasımov (ad şərtidir) ilə əlbir olub kirayə qaldığı evin sahibəsi İntizar Bağırovanın protez dişini və qızıl üzüyünü oğurlayıb, onu öldürməkdə təqsirləndirilən Könül Ələkbərova (ad şərtidir) deyib.

Belə ki, 1990-cı ildə Tovuz rayonunda anadan olmuş Nicat Qasımov 1990-cı il təvəllüdlü Könül Ələkbərova ilə sevgi münasibətində olublar. Onlar Gəncə şəhərində kirayə mənzildə qeyri-rəsmi birlikdə yaşayıblar. Nicat Könüllə əlbir olub mənzil sahibəsi İntizar Bağırovaya məxsus, ümumi dəyəri 550 manat olan alt və üst çənə diş protezini, daha sonra isə qızıl üzüyünü oğurlayıblar.

Ev sahibi oğurlandığı əşyalarını tələb etdiyi zaman Nicat və Könül qadını öldürmək qərarına gəliblər. Mübahisə zamanı İntizar Bağırovanı 10 pilləli beton pilləkəndən aşağı itələyiblər. Qadının baş nahiyəsi pilləkənin qurtaracağında dəmirə dəyib. Bu zaman başından qan axmadığı üçün onun ölmədiyini düşünüb, sarımsaqəzənlə başına 2 dəfə qəsdən vurublar. Yenidən qan axmadığını görüb hamamdan götürdükləri metal boru ilə ev sahibəsinin başına zərbə endiriblər. Nəticədə qadının öldüyündən əmin olub, oradan qaçıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci (özgənin əmlakını talamaqla, həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Könül Ələkbərovaya ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib:

“İntizar Bağırovadan oğurluğu mənə Nicat təklif etdi. Mən də razılaşdım. Əvvəlcə ondan 2 dənə qızıl üzük oğurladıq. Lombarda qoyub 180 manat pul götürdük. Evə alış-veriş edəndən sonra qalan pulu Nicat xərclədi. Daha sonra diş protezini götürüb diş həkiminə satdıq. 75 manat pul verdi. Həmin pulla evin kirayəsini ödədik. Oğruluğumuz bilindikdən sonra etiraf etdik. İntizar bizə vaxt qoydu ki, geri qaytaraq. Qaytara bilmədik.


Mən İntizarı öldürməmişəm. Polislər məni saxlayanda onun öldüyünü bildim”.


Könül Ələkbərovanın ifadələrində ziddiyyət olduğu üçün ibtidai istintaqdakı ifadəsi elan olunub:


“Nicatla tanış olduqdan sonra İntizarın evində kirayədə qalırdıq. Bir dəfə yataq otağında İntizarın şkafında iki qızıl üzük və bir ədəd protez gördüm. Bunu gəlib Nicata danışdım. Bu barədə söhbət etdikdən sonra həmin dişləri və qızıl üzükləri oğurlamaq qərarına gəldik. Bir müddət sonra özüm həmin protez dişləri götürüb Nicata verdim. Nicat da onu tanımadığımız bir həkimə satdı.


Daha sonra İntizara məxsus həmin 2 ədəd qızıl üzüyü də oğurlamaq qərarına gəldik. Üzükləri stəkandan götürüb lombarda girov qoyduq. Həmin hadisədən 3-4 gün sonra İntizar protez dişləri ilə qızıl üzüklərini oğurladığımızı bildi. Geri qaytaracağımız barədə söz verdik. Sadəcə dediyimiz vaxta qaytara bilmədik. Aramızda mübahisə yaranmağa başladı. Rəhmətə gedən anamı söydü. Ona xəbərdarlıq etdim, amma söyməyə davam etdi. Mənim yaxamdan tutub pul qarşılığında kişilərlə görüşdüyümü dedi.


Nicat sinəsindən yumruq vurdu və İntizar pilləkəndən geriyə doğru arxası üstə yerə yıxıldı. İntizar yıxıldıqdan sonra da anamı söyməyə başladı, sarımsaqəzənlə onun başını əzdim”.

Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nicat Qasımov ifadəsində bildirib:

“Könül mənə cib dəsmalına bükülmüş protez diş göstərdi. Mənə “İntizar xalaya dedim ki, 50 manat həkimə borcum var, İntizar xala isə dedi ki, protezim var, o da yadigardı” dedi. Dəqiq heç nə başa düşmədim. Bir müddət keçəndən sonra Könül “ay Elçin, sənə yalan danışmışam, o üzükləri və diş protezini mənə İntizar xala verməyib, mən İnitzar xalanın otağından götürmüşəm” dedi. İntizar xala da “Elçin, sənin yanında qalan qız mənim otağımdan qızıl üzüklərimi, diş protezimi götürüb aparıb satıb”. Mənim də heç nədən xəbərim olmayıb”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Nicat Qasımov və Könül Ələkbərova cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə təqsirləndirilən Nicat Qasımov 2 il 5 ay 5 gün,  Könül Ələkbərova isə 12 il müddətində azadlıqdan məhrum edilib. Əlövsət Qurbanov azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli, Sevinc Carçıyeva isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.



Seçilən
46
news24.az

1Mənbələr