AZ

Azərbaycan və Rusiya FHN-ləri arasında vacib müzakirə

Noyabrın 25-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə təbii və texnogen hadisələrin xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bildirilib ki, bu ilin əvvəlində Bakıda tərəflər arasında imzalanmış 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı uğurla həyata keçirilir. Bu çərçivədə, azərbaycanlı mütəxəssislər Rusiya FHN-in “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatlar Mərkəzində olub, “Tsentrospas” dəstəsinin və Noqinsk Xilasetmə Mərkəzinin bazasında beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına dair seminarda, həmçinin “Kompleks təhlükəsizlik - 2024” XV Beynəlxalq Salondakı (Sərgidəki) tədbirlərdə iştirak ediblər. Eyni zamanda, sentyabr ayında Həştərxanda keçirilmiş Xəzər dənizinin şimal hissəsində dənizdə baş vermiş şərti qəza və neft dağılmalarının aradan qaldırılmasına dair təlimin izlənildiyi qeyd olunub. Həmçinin, il ərzində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) dəstəyi ilə Rusiya FHN-in müvafiq ali məktəbləri vasitəsilə üç birgə elmi-praktik konfrans və iki ixtisasartırma kursu keçirilib.

Görüşdə növbəti ildə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə gələn ilin yanvar ayının sonunda Arxangelskdə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təhlükəsiz Arktika - 2025” idarələrarası təcrübə-tədqiqat təlimlərinin keçirilməsi nəzərdə tutulur və bu təlimlərdə Azərbaycan FHN müşahidəçi qismində iştirak etmək niyyətindədir.

Rusiya FHN-in rəhbəri bildirib ki, “bu, nəinki Arktikada təbii və texnogen fəlakətlərlə mübarizə sahəsində müasir yanaşma və texnologiyaları sınaqdan keçirməyə imkan verəcək, eyni zamanda bizim birgə keçirəcəyimiz “Xəzər-2026” beynəlxalq təlimlərə hazırlıq üçün yeni maraqlı ideyalar verəcək”.

Görüşdə MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı olduğu vurğulanıb. Belə ki, Rusiya və Belarusun Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iclaslarının səviyyəsini nazirlər səviyyəsinə qaldırmaq təşəbbüsünün Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi bildirilib. Rusiyalı nazir bildirib ki, bu, Birlik çərçivəsində qarşılıqlı əməkdaşlığa əlavə təkan verəcək.

Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əməkdaşlığın fövqəladə hallar sahəsində dövlətlərarası münasibətlərin mühüm aspektlərindən biri olduğu qeyd olunub. BMMT-in potensialı sayəsində Azərbaycan fövqəladə hallar orqanlarının daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr uğurla həyata keçirilib.


Müəllif: Teleqraf.com
Seçilən
16
20
teleqraf.com

10Mənbələr