Eldəniz Cəfərov: “Elektromobilləri istehsalçı zəmanəti ilə olan yerlərdən almaq lazımdır, çünki...”
Elektrik avtomobilləri daha ucuz başa gəlsə də, əhali bu maşınları almağa ehtiyat edir. Bəziləri bildirir ki, maşında hər hansı problem yarandıqda, ehtiyat hissələrini tapmaq çətin olur. Azərbaycanda elektromobillərin texniki xidmət mərkəzləri yoxdur. Həm də bir çox ustalar hələ bu texnologiya ilə tanış deyil. Bununla belə, xarici mütəxəssislər deyir ki, elektromobillərin hissələri daha uzunömürlü olduğu üçün tez-tez təmirə ehtiyac qalmır. Mənfi tərəflərdən biri ayrıca satılan batareyaların ömrünün 8-15 il arasında dəyişməsidir və dəyişdirilməsi baha başa gələ bilər.
Ən əsası elektromobillərin geniş yayılması üçün enerjidoldurma məntəqələrinin sayı kifayət qədər olmalıdır. Azərbaycanda bu məsələdə irəliləyişlər olsa da, bəzi bölgələrdə enerjidoldurma məntəqələri hələ də məhduddur.
Elektromobillərin ilkin qiyməti benzinlə çalışan avtomobillərlə müqayisədə yüksəkdir. Lakin uzunmüddətli perspektivdə bu fərq əməliyyat xərclərinin azlığı ilə kompensasiya edilə bilər. Misal üçün, bir çox ölkələrdə elektromobil sahibləri üçün vergi güzəştləri, subsidiyalar və pulsuz enerjidoldurma məntəqələri mövcuddur.
Ekspertlərə görə, elektromobillər elektriklə işlədiyi üçün yanacaq xərcləri daha azdır. Elektrik enerjisi, benzinlə müqayisədə adətən daha ucuzdur və səmərəlidir. Bəzi ekspertlərə görə, elektromobillərdə daxili yanma mühərriki olmadığı üçün yağ dəyişməsi və ya transmissiya problemləri kimi texniki məsələlərdən narahat olmaq lazım deyil. Elektromobillər karbon emissiyasını azaldır və ekoloji cəhətdən daha təmizdir.
Məlumat üçün bildirək ki, Azərbaycanda elektrik avtomobillərinin populyarlığı son illərdə artmağa başlayıb. İlk elektrik avtomobilləri ölkəyə təxminən 2015-2016-cı illərdə gətirilib. Bu dövrdə dünyada əsasən Nissan Leaf, Tesla Model S və BMW i3 kimi modellər idxal olunurdu.
2019-cu ildən sonra isə elektrik avtomobillərinə maraq xeyli artdı, xüsusən də hökumət tərəfindən ekoloji nəqliyyat vasitələrinin təşviqinə dair müxtəlif proqramlar müzakirə olunmağa başladı. 2022-ci ildən etibarən Azərbaycan hökuməti elektrik avtomobillərinə əlavə dəyər vergisinin (ƏDV) və aksiz vergisinin ləğvi kimi addımlar ataraq bu sahəni daha da stimullaşdırmağa başladı.
Hazırda ölkəyə fərdi şəxslər və şirkətlər tərəfindən müxtəlif markaların elektrik avtomobilləri idxal olunur.
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, elektromobil almaq iqtisadi cəhətdən daha səmərəlidir: “Yanacaqla elektrik enerjisinin qiymət fərqinə baxanda biz 5-6 dəfədən çox fərq görürük. Məsələ orasındadır ki, elektromobil anlayışı ölkəmizdə yenidir. Bununla bağlı qərarlar da yenidir. Stimullaşdırıcı addımlar da yeni başlayıb. Biz təqribən üç il əvvəl bu proseslərə başlamışıq. Elektromobil almaq istəyən vətəndaş ilk növbədə rəsmi diler mərkəzlərinə yaxınlaşsınlar. Elektromobili həm sığortalı, həm zəmanətli alsınlar. İstehsalçı zəmanəti ilə olan yerlərdən alsınlar. Çalışsınlar ki, bu elektromobillər Avropa standartlarına cavab verən elektromobillər olsun. Problemlər ona görə baş verir ki, vətəndaşlar Çin bazarı üçün istehsal olunmuş elektromobilləri alıb gətirirlər. Onların da burada texniki qulluq məsələsi müşkülə çevrilir. Həm o avtomobillərin zəmanəti yoxdur. Böyük bir problem yarandıqda heç kim onu öz üzərinə götürmür, təmir etmir, çünki zəmanəti yoxdur. Çin üçün istehsal olunduğuna görə də rəsmi dilelərdə də onların etiket hissələri olmur, ustaları da olmur. Amma rəsmi diler və ya distribyutor burada həmin avtomobili satırsa, o tutaq ki, beş il-on il zəmanət verir. Bu zəmanət müddətində də avtomobilə texniki qulluq göstərilir. Avtomobildə nasazlıq yarandıqda satan şirkətin borcudur ki, o problemi aradan qaldırsın. Sadəcə, bilmək lazımdır ki, elektromobillər yanacaqla işləyən avtomobillərdən müəyyən fərqləri var. Burada qış mövsümündə fərqli ola bilər, yay mövsümündə fərqli ola bilər. Burada elektrik enerjisi sərfiyyatı gedir. Qışda isitmə sistemi işlədikdə burada enerji azalması sürətlənir, yayda da kondisioneri işlətdikdə”.
Ekspert digər məqamı də diqqətə çatdırdı: “Bir məqamı da nəzərə almaq lazımdır ki, hələ ki ölkəmizdə hər yerdə elektromobil üçün enerjidoldurma məntəqəsi yoxdur. Bu da bir qədər vətəndaşları çəkindirir. Amma biz ümid edirik ki, bu məntəqələrin sayı getdikcə artır. Azərbaycanda 300-dən artıq (rayonlar daxil) enerjidoldurma məntəqəsi quraşdırılıb. Amma bu olduqca az rəqəmdir. Biz təklif edirik ki, enerjidoldurma məntəqələrinin sayının artırılması üçün müəyyən tövsiyə xarakterli qərarlar olsun. Bu tövsiyə ondan ibarətdir ki, fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində enerjidoldurma avadanlıqları da quraşdırılsın. Belə olan halda enerjidoldurma ilə bağlı problem yaşamarıq”.
Bəs ən keyfiyyətli elektromobillər hansılardır? Xarici mediadan əldə etdiyimiz məlumata görə, ən keyfiyyətli elektrik avtomobilləri bir neçə amilə görə qiymətləndirilir, məsələn, batareyanın ömrü, enerji sərfiyyatı, enerji müddəti, texnoloji imkanlar və etibarlılıq. 2024-cü il üçün elektrik avtomobilləri arasında ən keyfiyyətli modellər bunlardır:
Tesla Model S: yüksək qiymətədəri, amma uzun məsafə (650 km-ə qədər), yüksək sürət, autopilot sistemi, premium salon dizaynı.
Lucid AirY: Ən uzun məsafələrdən biri (800 km-dən çox), lüks interyer, qabaqcıl texnologiyalar. Amma yeni brend olduğu üçün xidmət mərkəzlərinin azlığı.
Porsche Taycan: idman avtomobili performansı, yüksək keyfiyyətli materiallar, dəqiq idarəetmə.
Daha qısa məsafə (400-450 km) qət etməsi isə çatışmayan cəhətidir.
BMW iX: geniş interyer, yüksək texnologiya, premium sinifdə rahatlığı təmin edir. Amma bu da bahalı modellər arasında yer alır.
Hyundai Ioniq 6 və Kia EV6: müasir dizayn, münasib qiymət, texnoloji üstünlüklər, yaxşı məsafə (450-500 km). Çatışmazlıqları isə premium modellərlə müqayisədə daha sadə materiallardan hazırlanıb.
Rivian R1T (pikap): yüksək yük daşıma qabiliyyəti, off-road imkanları, innovativ texnologiyalarla hazırlanıb. Daha çox ABŞ bazarında yayılmışdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”