Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə və müharibə iştirakçılarına qayğı və diqqət gələn il də davam edəcək.
Fins.az xəbər verir ki,, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artması fonunda Azərbaycanda yoxsulluq səviyyəsi 44,7%-dən 5,2%-ə enib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üçün proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50% üstələyir.”