Yay transfer dönəmində ölkənin bütün idman saytları onu hansısa komandamıza gətirirdi.
Təəccüblü heç nə yox idi. Çünki Aleksey Kaşuk Bakıda olan bütün oyunlara gedirdi. Təbii ki, onun haqda şaiyələr gəzməliydi. Həm də ukraynalı "Sabah"da oynadığı dönəmdə yaxşı ad-san qazanmışdı. Təbii ki, Kaşukuk karyerası bizim oxucular üçün maraqlı idi.
Hər nəysə! "Transfer pəncərəsi"nin son günündə "Qarabağ" keçidi açıqladı. Futbolçu əlaqələrini işə salaraq özünü kluba təklif etdi. Təbii ki, həm Ağdam təmsilçisinin rəhbərliyi, həm də Qurban Qurbanov ələ düşən fürsəti dəyərləndirməyə bilməzdi. Düzdür, özlərini dahi hesab edən bəzi futbol "ekspertlər"i bu keçidi xoş qarşılamadı. Hətta çoxu Kaşukun "Qarabağ"a heç bir fayda verməyəcəyini düşünürdü. Qurban Qurbanovun futbolçuya şans verməməsi də onların fikirlərini təsdiqləməyə doğru aparırdı. Lakin bir anda hər şey dəyişdi. Kaşuk oynamağa başladı. Təəccüblü heç nə yox idi. Qurban Qurbanov səbirli və təmkinli davranmağın necə faydalı olduğunu yenidən futbol ictimaiyyətinə isbat etdi. Azərbaycan futbolu ilə az-maz da olsa, maraqlananlar bilir ki, "Qarabağ"ın çalışdırıcısı öz sistemlərinə bələd olmayan heç bir futbolçuya dərhal şans vermir. Bu, Benzya gələndə də belə oldu, Juninyo transfer olunanda da. Kaşukun da "Qarabağ" karyerasının belə başlayacağını anlamaq bu qədər çətin olmamalı idi, cənablar.
Bir fikir işə fayda verirsə, onu icra edənə güvənmək lazımdır. "Qarabağ" rəhbərliyinin ən gözəl xüsusiyyəti də budur. Qurban Qurbanovun bütün qərarlarına hörmət edirlər. Ona güvənirlər. Ona görə də ortada normal iş var.
Kaşukun "Qarabağ" karyerasının yaxşı olmayacağını düşünənlər artıq kədərlənməyə başlayıb. Ukraynalını Ağdam təmsilçisinin yeni ulduzu adlandırmaq olar. Sağ cinah vingeri "Qarabağ" forması ilə cəmi 7 matç keçirib. Bu görüşlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
Premyer Liqanın son turunda "Səbail" ilə matçda isə Kaşuk elə-belə futbolçu olmadığını təsdiqlədi. Əsl "Sabah"da sevdiyimiz, oyununu bəyəndiyimiz ukraynalı idi. Kadinin gedişindən sonra yarımmüdafiənin sağında boşluq hiss olunurdu. Düzdür, Leandro Andrade effektli və faydalı oyunçudur. Amma o deyil. Narahat olmaq lazım deyil. "Qarabağ"da yeni ulduz parıldamağa başlayır. Ağdam təmsilçisində Aleksey Kaşuk dövrü başlayır...
Offsideplus.az