ABŞ-nin hazırkı Prezidenti Co Bayden və xanımı Cil Bayden Vaşinqtonun yeni seçilmiş rəhbəri Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Sfera.az xəbər verir ki, bu məlumatı Ağ Ev təsdiqləyib.
“Prezident seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, andiçmə mərasimində iştirak edəcəyinə söz verib, o və birinci xanım bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcəklər”,- Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts bildirib.
O əlavə edib ki, Bayden Trampın andiçmə mərasimində iştirakını demokratik dəyərlərə sadiqliyin nümayişi kimi qiymətləndirir və həmçinin vurğulayıb ki, mövcud administrasiya hakimiyyətin nizamlı və səmərəli keçidini təşviq etməyə davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirmişdi ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Bayden öz varisinin inauqurasiyasında iştirak edəcək.
Firuzə Əliyeva