Konqresmen Marjorie Taylor Greene ABŞ prezidenti Co Baydenin Ukraynaya mümkün nüvə silahı ötürməsindən narahatlığını ifadə edərək, bu ideyanı “dəlilik” adlandırıb.
O, təklif edib ki, bu yolla Ağ Evin vəzifədən gedən rəhbəri hakimiyyətin Donald Trampa ötürülməsini dayandırmaq və ya pozmaq üçün nüvə müharibəsini başlamaq istəyir.
Editor.az xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində yazıb: “Bu dəlilikdir və tamamilə konstitusiyaya ziddir, bəlkə də vətənə xəyanətdir”. Xanım Taylor Greenenin reaksiyası, Ukraynaya nüvə silahı komponentlərinin mümkün tədarükü məsələsində Vaşinqtonun motivlərinin qeyri-müəyyənliyinə diqqət çəkən sahibkar Mario Navfalın yazısına cavab olub. Navfal qeyd edib ki, bu, “görünməmiş eskalasiya”ya doğru daha bir addımdır.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” (NYT) ABŞ və Avropa ölkələrinin bir sıra rəsmilərinin Ukraynanın təhlükəsizliyinin təminatı kimi nüvə arsenallarının qaytarılması imkanını müzakirə etdiyini yazmışdı. Rusiya prezidenti Vladimir Putin qonşu ölkədə nüvə silahının yaradılması istiqamətində atılan istənilən addımın Rusiyanın müvafiq reaksiyası ilə qarşılaşacağını deyib və vurğulayıb ki, heç bir halda Kiyevin belə silahlar əldə etməsinə imkan verməyəcək.
Ukrayna prezidenti Vladimir Zelenski oktyabrda deyib ki, Kiyev Rusiya ilə silahlı münaqişədən iki çıxış yolu görür – ya ölkə NATO-ya qəbul edilir, ya da nüvə silahı yaradır. Rusiyalı ekspertlərin fikrincə, bu, tam hərbi nüvə proqramı deyil, “çirkli bomba”dır.
//Samir Qurbanov, Editor.az